1 Oktyabr 14:39 “Qarabağ” təkcə bu iki futbolçudan ibarət deyil”
FUTBOL xəbərləri 1 Oktyabr 14:39
3564 baxış

“Qarabağ” təkcə bu iki futbolçudan ibarət deyil”

“Püşk zamanı Azərbaycan və Qazaxıstan klubu ilə eyni qrupa düşməkdən qorxurduq. Bizi səfərin uzun və yorucu olması çəkindirirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Giyom Jille deyib.

 

Əvvəllər Belçika millisində də çıxış etmiş 31 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, qorxduğumuz başımıza gəldi. Ancaq bir məsələ də var ki, “Monako” və “Tottenhem” də eyni yolu qət etməli olacaq. Əslində, səfərin necə keçməsi vacib deyil, əsas qələbə qazanmağımızdı. Bakı səfəri heç də asan alınmadı. Amma qazanılacaq 3 xal hər şeyi gözəlləşdirəcək”.

 

Jille sabiq komanda yoldaşları Reynaldo və Samuel Armenterosun indi “Qarabağ”da oynamasına da münasibət bildirib: “Təbii ki, hər zaman risk var. Çünki əvvəllər “Anderlext”də oynamış futbolçular da bizə rəqib olacaq. “Ostende” ilə qarşılaşmada belə halla üzləşmişik. Həmin vaxt uduzmuşduq. “Qarabağ” isə təkcə bu iki oyunçudan ibarət komanda deyil. Bizim rəqibimiz elə komandadı ki, onu qiymətləndirməmək olmaz”.

 

Jille artıq Bakıya səfər edib “Qarabağ”la üz-üzə gələn dostu – “Zalsburq”un futbolçusu Massimo Brunodan da məsləhət aldığını gizlətməyib: “Ötən il “Zalsburq”un heyətində “Qarabağ”a qarşı oynamış Maasimo Bruno ilə rəqibimiz haqda danışmışam. O dedi ki, Bakıda stadionda əla ab-hava görüblər və çətinliklə qalib gəliblər. Bruno “Qarabağ”ın çox güclü komanda olduğunu da qeyd etdi. Bizim üçün səfərdə 3 xal qazanmaq vacibdi. “Monako” ilə qarşılaşmada iki xal itirdiyimizdən qalib gəlməyə borcluyuq. Həmin heç-heçə çox ağrılı idi. İndi səfərdə “Qarabağ”a qalib gəlib, ardınca Monakodan ən azı 1 xalla qayıtmalıyıq”.

Xəbər lenti