25 Avqust 12:33 “Qarabağ” və “Qəbələ” qrupa düşsə...” - Mahmud Qurbanov
FUTBOL xəbərləri 25 Avqust 12:33
6304 baxış

“Qarabağ” və “Qəbələ” qrupa düşsə...” - Mahmud Qurbanov

“Qarabağ”, “Qəbələ” və “İnter”in bu mövsüm Avrokubokdakı uğurlu çıxışı yığmaya da müsbət təsir etməlidi”. Bunu apasport.az saytına millimizin məşqçisi Mahmud Qurbanov deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Xorvatiya, 6-da isə Malta ilə qarşılaşacaq Azərbaycan yığması dünəndən etibarən məşqlərini davam etdirir. Baş məşqçi Robert Prosineçkinin köməkçilərindən olan Mahmud Qurbanov futbolçularımızın beynəlxalq təcrübələrinin indi daha böyük olduğunu bildirib: “Həm “Qarabağ”, həm “Qəbələ”, həm də “İnter”in bir neçə mərhələ adlaması yerli futbolçulara böyük təcrübə qazandırdı. Avrokubokda oyunun tempi çox yüksək olur. Bu da futbolçuların daha sürətlə inkişafına şərait yaradır. Ümid edirəm ki, onların topladığı təcrübə yığmaya da kömək olacaq. Çünki qarşıda bizi Xorvatiya və Malta ilə çətin oyunlar gözləyir. Təki salamatçılıq olsun, yığmaya çağırılan oyunçulardan heç biri zədələnməsin”.

 

Köməkçi-məşqçinin fikrincə, futbolçuların sıx qrafikdə oynamaları onlara problem yaratmamalıdı: “Düzdü, yığmanın əksər oyunçuları həm çempionatda, həm də Avrokubokda iştirak edirlər. Amma yığmaya yorğun qoşulacaqlarını düşünmürəm. Çünki avqustun 27-dəki oyunlardan sonra boşluq olacaq. Futbolçulara bərpa olunmaları üçün hər cür şərait yaradılacaq”.

 

“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasında qrupa düşmək şansını da dəyərləndirən Qurbanov bunun mümkün olduğunu söyləyib: “Düzdü, “Qarabağ” ilk oyunda səfərdə qələbə qazanıb, cavab görüşünü də evdə keçirəcək. Amma rəqibi güclü komandadı. Həmçinin, “Qəbələ”nin də işi çətin olacaq. Burda qələbə qazana bilməsə də, əsas odu ki, qol da buraxmayıb. “Qəbələ”nin səfərdə vuracağı bir qol cütün taleyini həll edə bilər. Hər iki klubumuz üçün çox çətin olacaq. Ancaq hər şey onların öz əllərindədi. İnşallah, hər iki komandamız qrup mərhələsinə vəsiqə qazansa, bu amil yığmamızın da nəticələrinə mütləq şəkildə təsir edər”.

Xəbər lenti