28 Avqust 17:17 “Qarabağ” və “Qəbələ”nin rəqibləri əvvəlki mərhələlərdə...
FUTBOL xəbərləri 28 Avqust 17:17
4016 baxış

“Qarabağ” və “Qəbələ”nin rəqibləri əvvəlki mərhələlərdə...

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” və “Qəbələ”nin hansı komandalarla eyni qrupda mübarizə aparacağı bəlli olub. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin rəqiblərinin qrupa gələn yolu müxtəlif mərhələlərdən keçib.

 

“Qəbələ” ilə birgə C qrupunda çıxış edəcək “Borussiya” (Dortmund, Almaniya) mübarizəyə Avropa Liqasının III təsnifat mərhələsindən qoşulub. Avstriyanın “Volfsberq” komandasını (1:0, 5:0) hər iki oyunda üstələyən dortmundlular pley-offda Norveçin “Odd” komandasına “divan tutublar” - 4:3, 7:2.

 

Yunanıstan təmsilçisi PAOK AL-in II təsnifat mərhələsindən mübarizəyə başlayıb. Zaqreb “Lokomotiv”i ilə qarşılaşan (1:2, 6:0) yunanlar bu sınaqdan üzüağ çıxıblar. Ardınca Trnava “Spartak”ını (1:0, 1:1) mübarizədən kənarlaşdıran PAOK pley-offda isə Danimarka komandası “Brondbü”yə şans verməyib (5:0, 1:1).

 

“Qəbələ”nin digər rəqibi “Krasnodar”ın Avroliqa macərası isə III təsnifat mərhələsindən başlayıb. Slovakiya “Slovan”ını mübarizədən kənarlaşdıran (2:0, 3:3) ruslar pley-offda Finlandiyanın HİK komandasından üstün olublar (5:1, 0:0).

 

Digər təmsilçimiz “Qarabağ”ın rəqiblərindən isə “Tottenhem” və “Anderlext” mübarizəyə Avroliqanın birbaşa qrup mərhələsindən başlayacaqlar. “Monako”nun isə bu mövsüm Avrokubok macərası Çempionlar Liqasından start götürüb. Belə ki, ÇL-in III təsnifat mərhələsində “Yanq Boyz”u darmadağın edən (3:1, 4:0) fransızlar pley-offda “Valensiya” ilə bacarmayıblar (1:3, 2:1).