9 Sentyabr 15:41 “Qarabağ”la çempionluq mübarizəsi aparmaq arzusundayıq"
FUTBOL xəbərləri 9 Sentyabr 15:41
6485 baxış

“Qarabağ”la çempionluq mübarizəsi aparmaq arzusundayıq"

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına geniş müsahibə verib. Apasport.az saytı xəbər verir ki, o, müsahibəsində Odessa toplanışından tutmuş, bir çox məsələlər haqda münasibət bildirib.

 

- Necə oldu ki, Odessada təlim-məşq toplanışı keçirmək fikrinə düşdünüz?

- Azərbaycan çempionatında həddindən artıq uzun fasilə yarandı. Boş vaxtı dəyərləndirməliydik. Təlim-məşq toplanışında təkcə məşqlər deyil, yoxlama görüşlərinin də baş tutmasını istəyirdim. Bu məqsədlə təkcə “Çernomorets”ə deyil, Kiyev “Dinamo”su və “Dnepr”ə də müraciət etmişdik. Ancaq bu klubların başqa planları var idi.

 

- “Çernomorets”in stadionuna qonaq qismində çıxmaq necə hiss idi?

- Adət etmədiyim hissləri yaşadım. Tribunalarda azarkeşləri gördüm və onlara tərəf döndüm. Mənim üçün çox gözəl görüş oldu.

 

- “Qəbələ” ilə qısa zamanda Avropa Liqasının qrup mərhələsinə düşəcəyinizi gözləyirdizmi?

- Bilirsiz, son zamanlar mən bir prinsiplə yaşayıram: əvvəlcədən heç nəyi təxmin etməmək, uzağa baxmamaq. Həyat təcrübəm mənə başa salıb ki, uzunmüddətli planlar qurmaq ancaq vaxt itkisi deməkdi. Təhlillər aparıb, vaxtında doğru addımlar ataraq yaşamalıyıq. Dövrələrarası fasilədə demək olar ki, yeni komanda qurduq. Əvvəlki heyətdən bir neçə oyunçu qaldı, yeni transferlərimiz iyulda komandaya qoşuldular. Biz işimizi ciddi qurmalıydıq. Həmin 2 ay ərzində gördüyümüz işləri sözlə ifadə edə bilmərəm. Bu, fantastika idi. Avroliqada qrupa düşmək üçün pley-offda “Panatinaikos” səddini keçməli idik. Onlarla oyunlar həm taktiki, həm də fiziki və strategiya baxımından çox çətin keçdi.

 

- Ötən mövsüm Azərbaycan çempionatında 3-cü olduqdan sonra “Qəbələ” rəhbərliyi komandanın qarşısındakı tələbləri artırdımı?

- Biz özümüz də əldə etdiklərimizlə kifayətlənmək fikrində deyilik. Təbii ki, klub rəhbərliyi komandanın daha da inkişaf etməsini istəyir. Mən onlara səmimi qəlbdən minnətdaram. Bu insanlar futbol üçün çox iş görürlər, istəyirlər ki, “Qəbələ”ni daha yüksək səviyyəyə çatdırsınlar. Təbii ki, çempionatda 3-cü yeri tutmaq qürurlanmağımıza əsas vermir. “Qarabağ”la çempionluq mübarizəsi aparmaq arzusundayıq. Yeri gəlmişkən, bu heç də asan olmayacaq. Mən bu komandaya və onun baş məşqçisinə böyük hörmətlə yanaşıram. Çünki onların necə işlədiyi görürəm. “Qarabağ”ın böyük təcrübəsi var, bununla belə, yenə də inkişaf etmək istəyirlər.

 

- “Qəbələ” bu yay transfer sahəsində fəallıq göstərdi...

- Komandanın özəyi ötən mövsümdən qalmışdı. Ancaq başa düşürdük ki, yeni transferlər də lazımdı. Heyətdə rotasiya aparmaqla, futbolçular arasındakı rəqabəti gücləndirdik. Bizə həm Azərbaycan çempionatında, həm də avrokuboklarda mübarizə aparmaq üçün geniş heyət lazım idi. Transfer məsələsində menecerlərin yaxşı işlədiyini də deməliyəm.

 

- Avropa Liqasında hər dəfə mərhələ adladıqca, daha güclü rəqiblərlə qarşılaşdığınızı demək olarmı?

- “Panatinaikos” əvvəl qarşılaşdığımız komandaların hamısından açıq-aşkar güclü idi. “Dinamo”, “Çukariçki” və “Apollon” isə oyun tərzlərinə görə fərqlənsələr də, ümumilikdə eyni gücdə idilər.

 

- Qrup mərhələsində “Qəbələ”ni “Borussiya”, PAOK və “Krasnodar”la oyunlar gözləyir. Komandanızın şansını necə dəyərləndirirsiz?

- Komanda təcrübəsini artıracaq. Hər oyun bizim üçün sınaq xarakteri daşıyır. Məhz həmin görüşlərdən sonra rəqiblərlə müqayisədə bizim kim olduğumuzu anlayacağıq. Bütün oyunlarda sona qədər döyüşəcəyik. Əgər qələbə qazanmaq üçün 1-2 faiz şansımız olsa belə, ondan istifadə etməyə çalışacağıq. 

Xəbər lenti