30 Sentyabr 16:13  “Qəbələ” artıq Avropada gücünü göstərib” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 30 Sentyabr 16:13
3986 baxış

“Qəbələ” artıq Avropada gücünü göstərib” - MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasovun apasport.az saytına müsahibəsi

 

- Avrokubokda 3 oyunluq cəzanız artıq başa çatıb. “Krasnodar”la matça özünüzü tam hazır sayırsınız?

- Əvvəla qeyd edim ki, mənə haqsız yerə 3 oyunluq cəza vermişdilər. Bu, çox ağır qərar idi. Artıq olan-olub, keçən-keçib. İndi qayıtdığım üçün çox sevinirəm. Yenidən məşqçilər korpusunun ixtiyarında olacam. O ki qaldı hazırlığa, bəli, qarşıdakı matçda oynamağa tam hazıram. Son qərarı baş məşqçi verəcək.

 

- “Panatinaikos”la 2, PAOK-la isə 1 oyunda iştirak etmədiniz. Komandanın matçlarına kənardan baxmaq necə hissdi?

- Çox pis. Komandaya kömək edə bilməmək insanı narahat edir. Tribunada oturanda “kaş mən də indi meydançada olub, komandama kömək edərdim” deyə fikirləşirsən. Futbolçular bu hissi çox gözəl bilirlər. Ancaq komanda yoldaşlarım gözəl mübarizə ilə bizi sevindirdilər.

 

- Kənarda qaldığınız müddətdə komanda Avrokubokda uğurlu çıxışla diqqət çəkdi. Məşqçilər korpusu da bunu nəzərə alıb heyətdə dəyişiklik etməyə bilərlər. Bu amil sizi narahat etmir?

- Futbolda, həqiqətən də, belə bir anlayış var: qalib heyəti dəyişməzlər. Təkcə cinah müdafiəçilərimiz yox, bütün futbolçularımız həmin görüşləri yüksək səviyyədə keçirdilər. Əlbəttə ki, işim asan olmayacaq. Amma mənim və ya bir başqasının oynamasının bir önəmi yoxdu. Əsas komandanın uğurlu çıxışıdı.

 

- Start heyətindəki yerinizi qaytarmaq çətin olmayacaq?

- Çətin olacağını başa düşürəm. Üstəlik, komandada futbolçu sayı da çoxdu. Hər mövqedə ən azı iki güclü oyunçu var. Bu, müəyyən problem yarada bilər. Çünki hamı oynamaq istəyir. Ancaq baş məşqçi də kim güclüdüsə, ona şans verir. Mən hər zaman rəqabətə hazıram. Şirin rəqabət bizim inkişafımız baxımından da çox önəmlidi. Məşqlərdə əlimdən gələni edəcəm ki, yenidən baş məşqçinin etimadını doğruldum.

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Krasnodar”la üz-üzə gələcəksiniz. Bura hansı hədəflə gəlmisiniz?

- Rəqib Rusiya Premyer Liqasında mübarizə aparan klubdu. Onları təhlil etmişik, güclü komandadı, yaxşı oyunçulara malikdi. Amma “Qəbələ” də artıq Avropada gücünü göstərmiş komandadı. Bura ona görə gəlməmişik ki, müdafiəyə oturub 1 xal barədə düşünək. Çətin səfər matçı olacağını bilirik. Ancaq hədəfimiz qələbə qazanıb qrupdakı mövqeyimizi daha da yaxşılaşdırmaqdı.

 

- Qrup mərhələsində müntəzəm meydançaya çıxmaqla milli komandaya da yolunuzu açmış olarsınız. Bunu dərk edirsiniz?

- Əlbəttə. Hesab edirəm ki, Avroliqanın qrupu mənim və digər gənc futbolçular üçün bir şansdı. Daim çıxış edə bilsəm, yığmaya çağırılmaq şansım da artar. Həmçinin beynəlxalq təcrübə qazanmaq baxımından da qrup mərhələsi çox önəmlidi. Bu səbəbdən də əlimdən gələni edəcəm ki, start heyətindəki yerimi qaytarım.

 

Ruslan SADIQOV / Krasnodar

 

Xəbər lenti