9 Oktyabr 18:09 “Qəbul edirəm ki, qocalmışam” - Rəşad Sadıqov
FUTBOL xəbərləri 9 Oktyabr 18:09
3120 baxış

“Qəbul edirəm ki, qocalmışam” - Rəşad Sadıqov

“Sabah gərgin və maraqlı oyun alınacaq. Rəqib qrupdan çıxmağa çalışacaq. Bizim də öz məqsədimiz var”.

 

Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah İtaliya ilə qarşılaşacaq millimizin kapitanı oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Xorvatiya ilə oyundakı nəticə sabah təkrarlamaq olarmı?

- Mümkündü. Futbolda hər nəticə mümkündü. Qarşımıza məqsəd qoymuşuq ki, sabah məğlub olmayaq. Əgər alınsa, rəqibi əks-hücumlarda tutub, qalib gəlmək də istərdik.

 

- Sabahkı matç karyeranda ən yadda qalan oyun olacaq?

- Sabah qələbə qazansaq, mənim üçün bundan böyük hədiyyə ola bilməz. Amma bərabərlik də olsa, bizim üçün yaxşı nəticə sayılacaq.

 

- Sabah millinin heyətində 100-cü oyuna çıxacaqsız. Belə bir fikir formalaşıb ki, Rəşad Sadıqovun gücü tükənib. 150-yə çatmaq üçün gücünüz çatacaqmı?

- Mən mətbuatda bu fikirlə qarşılaşmamışam. Təbii ki, 33 yaş futbolçu üçün qocalmaq vaxtıdı. Mən də qəbul edirəm ki, yaşlaşmışam, qocalmışam. Gücüm çatarmı 120-130-a? Bu artıq başqa sualdı. Yaxşı düşünmək lazımdı ki, yığmaya faydam dəyərmi? Bu seçmə mərhələ bitdikdən sonra bu məsələni götür-qoy edəcəm. Düşünürdüm ki, 100-cü oyun mənim üçün millidə sonuncu oyun olacaq. Bu dəqiqə mənim üçün 100, 90 önəmli deyil. Qarşıda 2 vacib oyunumuz var. Son 4 oyunda məğlub olmamışıq. Bu seriyanı davam etdirmək lazımdı ki, gələn seçmə mərhələdə futbolçularımız daha da inamlı olsunlar. Baş məşqçi mənə dedi ki, yığma karyeranı bitirməklə bağlı qərar verməkdə tələsmə. Bolqarıstanla oyundan sonra bu məsələni müzakirə edəcəyik. Düzdü, yaş öz sözünü deyir. Son vaxtlar sıx qrafikdə oynayırıq. Götür-qoy edəcəm. İnşallah, həm özüm, həm də yığmamız üçün ən doğru qərarı verəcəm.

 

- 2002-ci ildə millimiz İtaliyaya qarşı baxımlı oyun sərgiləməyə bilmişdi. İndiki milli də bunu bacaracaqmı?

- O vaxtkı milli ilə indiki arasında fərq böyükdü. O vaxt daha çox təcrübəli futbolçular oynayırdı, indi isə gənclər çoxdu. Səhv etmirəmsə, o vaxt İtaliya yığması dünya çempionatından gəlmişdi, ən yaxşı oyunlarını oynamamışdılar. Amma heyətlərində də ulduzlar çox idi. İndiki İtaliya millisi daha yığcam oynayır, kombinasiyalı hücumlar qurur. Yadımdadı, 1-2 il hamı demişdi ki, yığmamız İtaliyaya qarşı yaxşı oyun sərgilədi. Əlimizdən gələni edəcəyik ki, sabah da baxımlı oyun nümayiş etdirək.

 

- Prosineçkidən konkret hansısa futbolçunu tutmaq tapşırığı almısız?

- Yadıma gəlmir ki, nə vaxtsa rəqibin futbolçusunu ayırmışam. Amma İtaliya yığmasında Pelle adlı futbolçu var. Demək olar ki, hücumların 90 faizi ondan keçir. Sabah qarşısını almalıyıq, yoxsa bizim üçün problem olar. Düzdü, başqa yaxşı oyunçuları da var. Amma mən düşünürəm ki, sabah ən çox diqqət ayırmalı olduğumuz futbolçu Pelledi. Təbii ki, komanda oyunumuz da öz yerində olmalıdı.

Xəbər lenti