6 Oktyabr 16:33 “Qurban Qurbanov “Neftçi” ilə oyunda həmin hərəkəti edərdimi?”
FUTBOL xəbərləri 6 Oktyabr 16:33
12313 baxış

“Qurban Qurbanov “Neftçi” ilə oyunda həmin hərəkəti edərdimi?”

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının VII turunun “İnter” – “Qarabağ” (0:2) oyunundakı hakimlik hələ də müzakirə mövzusudu. Matçın baş hakimi Elvin Əsgərov qonaqların çalışdırıcısı Qurban Qurbanovun feyr-pley addımını özünə qarşı hörmətsizlik adlandırıb...

- Biz Elvinlə söhbət edəcəyik ki, görək qərarı ilə bağlı niyə danışıb. AFFA-nın Nizam-İntizam kodeksi var və o kodeksə də uyğun olaraq, heç bir hakim idarə etdiyi oyun haqqında müsahibə verə bilməz.

 

- Elvin Əsgərov müsahibə verməyib, öz fikrini sosial şəbəkədə bildirib...

- Mən saytlarda oxudum, ona görə elə deyirəm. İstənilən halda, qərarı ilə bağlı münasibət bildirməyə ixtiyarı yoxdu.  

 

- Həmin penalti epizodu ilə bağlı fikriniz necədi? Hakimi haqlı sayırsız, ya haqsız?

- Onu soruşmayın. O barədə heç nə deməyəcəm.

 

- Qurban Qurbanovun penalti epizodunda futbolçusundan topu kənara vurmağı tələb etməsi, Elvin Əsgərovun düşündüyü kimi, hakimin qərarına qarşı hörmətsizlikdi?

- Deməzdim hörmətsizlikdi. Bəlkə də onun fikrincə, obyektivliyi qorumaq xatirinə bunu edir. Maraqlı sualdı və maraqlı hərəkətdi. Başqa nəticə olsaydı, məsələn Qurban Qurbanov bir tur əvvəl “Neftçi” ilə oyunda həmin hərəkəti edərdimi? Bilirəm ki, Qurban obyektiv insandı. Dünən televiziya verilişində onun çıxışına baxdım, çox xoşuma gəldi. Obyektiv danışdı, başqa klubların oyunlarında olan epizodları şərh etmədi. Mən hesab edirəm ki, çox düzgün addım atdı. Yoxsa bizdə var ki, özlərini mütəxəssis sayıb, çıxıb başqa klubların oyunlarındakı epizodları araşdırırlar. Amma bunu Qurban Qurbanovda görmədim.

 

- Penalti təyin edildikdən sonra Qurban Qurbanovun o cür davranması səbəbsiz deyil. Son vaxtlar bəzi kütlə arasında belə bir fikir formalaşıb ki, hakimlər “Qarabağ”a kömək edirlər, bu komandanın lehinə çox penalti təyin edirlər...

- Mən o cür düşünənləri tam əmin edirəm ki, elə bir şey ola bilməz. Əvvəla “Qarabağ”ın heç bir köməyə ehtiyacı yoxdu. Verilən penalti epizodlarına gəldikdə, iki oyunda – “Neftçi” və “İnter”lə matçlarda təyin olunan penaltilərə mübahisəli penalti deyilir. Gəncədəki 11 metrlik cərimə zərbəsi isə yüz faiz doğru qərar idi. Bəlkə də, Qurban “Qarabağ”ın hakimlərin hesabına xal qazanması ilə bağlı söz-söhbətlərin çıxmasından qorxur və buna görə həmin epizodda o cür davrandı. Hakimlərin heç bir komandaya simpatiyası yoxdu. Ola bilər ki, hansısa oyunda səhv olur. Amma simpatiyadan söhbət gedə bilməz. Klubların hamısı bizim üçün eynidi.

 

- İntizam Komitəsinin qərarına əsasən, “İnter”in qapıçısı Georgi Lomaya 4 oyunluq cəzalandırılıb. Paytaxt klubunun rəhbərliyi isə bu qərarla razılaşmır...

- Bunu düzgün yozmurlar. Hətta klubun prezidentinin də xəbəri yoxdu ki, Lomaya “Qarabağ”la oyunda nəyə görə meydandan qovulub. O elə bilir ki, sonuncu ümid fouluna görə qırmızı vərəqə alıb. Əvvəla futbolda belə bir termin yoxdu. Futbolda rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək anlayışı var. İkincisi, hakim Lomayaya onu təhqir etdiyinə görə qırmızı vərəqə göstərib, epizoda görə yox. Epizoda görə hakim ona birbaşa qırmızı vərəqə verə də bilməzdi. Çünki orda “Qarabağ”ın futbolçusunun aşkar qol vurmaq imkanı yox idi.

 

- Sanki həmin epizodda, ümumiyyətlə, penaltinin olmadığını demək istədiz...

- Mən elə bir söz demədim. O vaxt qırmızı vərəqə verirlər ki, rəqibi aşkar qol vurmaq imkanından məhrum edəsən. Həmin epizodda isə “Qarabağ”ın futbolçusu yana doğru hərəkət edir. Lomaya da, Xizanişvili də hakimi təhqir etdikləri üçün cəzalandırılıblar.

 

- Reynaldonun yıxıldığı epizodda penaltinin olub-olmadığı ilə bağlı konkret cavab verəcəksizmi?

- Mən dedim ki, hakimin qərarını açıqlamıram. Bunu oxuculara niyə deməliyəm ki? Biz o məsələni özümüzdə müzakirə etmişik və bilirik ki, hansı qərar verilib.

 

- Amma “Qarabağ” – “Neftçi” oyununda Fariz Yusifovun təyin etdiyi penalti ilə bağlı konkret fikrinizi bildirmişdiz. Bu dəfə niyə epizodla bağlı şərh vermək istəmirsiz?

- Yox (gülür). Fikir bildirmək istəmirəm.

 

Tengiz MƏMMƏDOV

 

 

 

Xəbər lenti