3 Sentyabr 23:26 Rahid Əmirquliyev: Dünyanın 3 güclü yığması varsa, biri elə Xorvatiyadı - MÜSAHİBƏ
FUTBOL xəbərləri 3 Sentyabr 23:26
5070 baxış

Rahid Əmirquliyev: Dünyanın 3 güclü yığması varsa, biri elə Xorvatiyadı - MÜSAHİBƏ

Azərbaycan - Xorvatiya matçından (0:0) sonra milli komandamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Əmirquliyev nəticədən razılığını dilə gətirib, 3 gün sonra Malta ilə keçiriləcək oyuna toxunub.

 

- Millimizin Xorvatiyadan xal alacağına inam az idi. Oyunla və nəticə ilə bağlı fikirləriniz necədi?

- Bizim üçün çox ağır oyun oldu. Dünyanın 3 güclü yığması varsa, onlardan biri elə Xorvatiyadı. Buna baxmayaraq, onlara qarşı yaxşı oyun nümayiş etdirmək istəyirdik. Sərfəli nəticə qazanmaq arzusunda idik. Buna da nail olduq. İstəyirdik ki, qələbə qazanaq. Amma bu nəticə üçün də şükür edirik.

 

- İlk hissə ilə müqayisədə millimiz ikinci 45 dəqiqədə daha yaxşı oyun keçirdi. Bu nə ilə bağlı idi: Prosineçkinin tapşırıqları, yoxsa fasilədən sonra futbolçularımızda özünəinam hissinin artması ilə?

- Birinci hissədə komanda bir az həyəcanlı idi. Amma fasilədən sonra oyunumuz dəyişdi. Bunda Robert Prosineçkinin tapşırıqları da rol oynadı. Dedi ki, oynaya bilirsiz, belə davam edin. Məncə, bu səbəbdən ikinci hissədə özümüzü daha yaxşı göstərdik.

 

- Luka Modriçlə vaxtilə "Xəzər Lənkəran" - "Dinamo" (Zaqreb) oyununda da üz-üzə gəlmişdiz. Həmin vaxtla müqayisədə Modriçin oyununda çoxmu dəyişiklik var?

- Özünüz görürsüz də dəyişikliyi. Onda Modriç "Dinamo"da oynayırdısa, indi dünyanın ən güclü klublarından birində çıxış edir. Səviyyəsi artıb ki, indi "Real"ın formasını geyinir. 

 

- Bu nəticədən sonra azarkeşlər sizdən Malta ilə səfər matçında qələbə gözləyir. Bunu bacaracaqsızmı?

- Hansı nəticənin olacağını qabaqcadan heç kəs deyə bilməz. İnşallah, əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, səfərdən 3 xalla qayıdaq.