7 Sentyabr 13:20 Rahid Əmirquliyev: Het-trik etmək istərdim... – MÜSAHİBƏ
FUTBOL xəbərləri 7 Sentyabr 13:20
6637 baxış

Rahid Əmirquliyev: Het-trik etmək istərdim... – MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Avro-2016-nın seçmə mərhələsində Malta millisini məğlub edə bilməməyinizin (2:2) səbəbini nədə görürsüz?

- Çox çətin oldu. Hava da isti idi. Üstəlik, üç gün əvvəl Xorvatiya ilə ağır oyun keçirmişdik. Buna baxmayaraq, evə 3 xalla qayıtmaq istəyirdik. Qol vəziyyətlərimiz də var idi. Maltadan üstün futbol sərgilədik. İki dəfə səhv etdik, 2 qol buraxdıq. Təəssüf ki, qələbə qazana bilmədik.

 

- Bəxtiniz gətirmədi, yoxsa yorğunluq var idi?

- Futbolda belədi: vurmayana vurarlar. Çox şanslarımız oldu, istifadə edə bilmədik. Rəqib də iki əks-hücumdan iki qol vurdu.

 

- İkinci hissənin əvvəlini zəif keçirdiz. Futbolçularda sanki arxayınlıq yaranmışdı...

- İnanmıram ki, arxayınlıq olsun. İkinci hissə başlayanda nəsə oyun alınmadı. Yorğunluq öz sözünü dedi. Arxayın olsaydıq, bu görüşə ciddi hazırlaşmazdıq.

 

- Oyundan öncə qol vuracağınızı gözləyirdiz?

- Açığı, gözləmirdim. Belə alındı. Bir də ki, kimin qol vurmasının fərqi yoxdu. Əsas 3 xal idi, onu da qazana bilmədik.

 

- İki qoldan sonra het-trik etmək ağlınızdan keçmədi?

- Düzü, istəyərdim het-trik edim, komandam qələbə qazansın. Amma elə bir imkan düşmədi.

 

- Bir qədər də “Xəzər Lənkəran” haqda. Premyer Liqanın ilk 3 turunda qazanılan 5 xal sizi qane etdi?

- Nəzərə almaq lazımdı ki, bu 5 xalı gənclərlə qazanmışıq. Halbuki bu, 9 xal da ola bilərdi. Artıq yeni transferlər də komandaya qoşulublar. Növbəti turda isə rəqibimiz “Qarabağ” olacaq. Çox ağır oyun olacaq. “Qarabağ” çempionatın ən güclü klublarından biridi. Amma yeni oyunçularla nəyəsə ümid etmək olar.

 

- Gənclərin bu çıxışını təcrübəlilər üçün bir siqnal hesab etmək olar?

- Əlbəttə ki, kimin oynayacağına baş məşqçi qərar verəcək. Gənclər də imkan düşdüyü üçün özlərini göstərməyə çalışdılar. İçi mən qarışıq, təcrübəli futbolçular artıq başa düşürük ki, gənc nəsl gəlir. Nəfəslərini kürəyimizdə hiss edirik.

 

- Vaqif Cavadovun “Qəbələ”yə keçidinin sizə nə kimi təsiri ola bilər? Hər halda əsas rəqiblərinizdən birini gücləndirmiş olduz?

- Heç kim istəməz ki, aparıcı oyunçulardan kimsə getsin. Mən də Vaqifin “Qəbələ”yə keçdiyini millidə olanda eşitdim. Yəqin “Qəbələ”də Avropa Liqası üçün oyunçu çatışmazlığı var idi. Vaqif baş məşqçinin, rəhbərliyin qərarı ilə gedib. Bu barədə geniş şərh verməyim doğru olmaz. Ona orda uğurlar arzu edirəm.

 

- Çempionatda şansınızı necə dəyərləndirirsiz?

- Mövsümün startı göstərdi ki, zəif komanda yoxdu. Demək olar ki, hamının gücü bir-birinə yaxındı. Məncə, maraqlı mübarizə olacaq. Bizim hədəfimiz də Avrokuboka vəsiqə qazanmaqdı. İnanıram ki, belə də olacaq.

 

Ruslan SADIQOV

Xəbər lenti