5 Sentyabr 11:45 Rauf Əliyev: Meydançaya girəcəyimi gözləyirdim - MÜSAHİBƏ
FUTBOL xəbərləri 5 Sentyabr 11:45
7634 baxış

Rauf Əliyev: Meydançaya girəcəyimi gözləyirdim - MÜSAHİBƏ

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə qolsuz bərabərliyə qalan Azərbaycan millisi sabah Maltanın qonağı olacaq. Millimizin hücumçusu Rauf Əliyev apasport.az saytının Maltaya ezam olunmuş əməkdaşına verdiyi müsahibədə bu oyunları dəyərləndirib.

 

- Xorvatiya ilə heç-heçə çoxları üçün sürpriz oldu. Siz necə, buna inanırdızmı?

- Əvvəla qeyd edim ki, uşaqlar çox yaxşı oynadılar, Xorvatiya kimi güclü komandadan vacib 1 xal aldılar. Matçdan öncə çoxu Xorvatiya yığmasından xal almağın mümkün olmadığını düşünürdü. Ancaq komandamız sona qədər mübarizə apardı və futbolda hər şeyin mümkün olduğunu göstərdi. O ki qaldı sualınıza, əlbəttə ki, inanırdım. İnam olmayan yerdə heç vaxt uğur olmaz.

 

- Meydançaya çıxmamağınız nə ilə bağlı idi?

- Heç bir problem yox idi. Sadəcə, baş məşqçinin qərarı belə idi.

 

- İkinci hissədə Xorvatiya yığması bütün qüvvə ilə irəli atılanda mübarizəyə qoşulacağınızı gözləyirdik. Ancaq sona qədər ehtiyatda qaldınız...

- Açığı, mən özüm də meydançaya girəcəyimi gözləyirdim. Buna hazır idim də. Amma məşqçi fərqli seçim edirsə, buna mən də deyə bilərəm? Məşqlərimi səylə davam etdirib əsas heyət uğrunda mübarizə aparmalıyam.

 

- Qolsuz bərabərlik o qədər böyük uğur idi ki, futbolçular buna dəhşətli dərəcədə sevinirdilər?

- Əlbəttə uğurdu. İlk görüşdəki nəticəni nəzərə alsaq, Bakıda Xorvatiya milliisindən 1 xal almaq çox yaxşı nəticədi.

 

- Maltadan hansı nəticə ilə dönəcəyimizi gözləyirsiz?

- Qrupda bizim əsas rəqibimiz Malta sayılır. Evdə onlara qalib gəlmişik, çalışacağıq səfərdə də bunu təkrarlayaq.

 

- Xorvatiya kimi güclü rəqiblə matçdan sonra Malta ilə oyuna uyğunlaşmaq çətin olmayacaq?

- Malta özü də zəif komanda deyil. İtaliya yığması onları hər iki matçda 1:0 hesabı ilə məğlub edə bilib. Üstəlik, səfərdə çıxış edəcəyik və dincəlməyə də vaxt olmayacaq. Təbii ki, çətindi.

 

- Rauf Əliyevin bu mövsümdəki çıxışı özünün ürəyincədimi?

- Şükür Allaha, klubun heyətində hər oyunda meydançaya çıxıram. Baş məşqçi mənə güvənir. İnanıram ki, bundan da yaxşı olacam. Yəqin vaxt keçdikcə hər şey yoluna düşəcək.

 

Ruslan SADIQOV / Ta Qali

Xəbər lenti