28 Avqust 16:46 “Rəqiblərimizin nüfuzu da var, gücü və ustalıq səviyyəsi də” – Qriqorçuk
FUTBOL xəbərləri 28 Avqust 16:46
7153 baxış

“Rəqiblərimizin nüfuzu da var, gücü və ustalıq səviyyəsi də” – Qriqorçuk

“Başa düşürük ki, qrupdakı bütün rəqiblərimizin nüfuzu da var, gücü və ustalıq səviyyəsi də. Odu ki, hər birinə qarşı bizi çətin oyun gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”u mübarizədən kənarlaşdıran “Qəbələ” C qrupunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) komandaları ilə birgə mübarizə aparacaq.

 

Komandasının şansını dəyərləndirən Qriqorçuk “Qəbələ”nin ikinci yeri tutmağa gücünün çatacağını düşünürsüzmü” sualına belə cavab verib: “Hansı yer uğrunda oynayacağımızı hələ düşünmürəm. Qrupdakı oyunlara qədər az vaxtımız var. Çalışmalıyıq ki, bu müddətdə yaxşı hazırlaşaq, məşq keçək. Çox iş görməliyik”.

 

Təcrübəli mütəxəssis “Panatinaikos”un ardınca daha bir yunan klubu ilə qarşılaşacaqlarını belə şərh edib: “Bura qədər hansı komanda ilə oynadığımızın heç bir önəmi yoxdu. Odu ki, “Panatinaikos”u mübarizədən kənarlaşdırdıqdan sonra Yunanıstanın digər komandası PAOK-a qarşı necə oynayacağımızı böyütməli deyilik. Digər komandalar da güclüdü. Hər birinin öz üstün cəhətləri var və biz qrupdakı 3 komandanın hamısına eyni yanaşmalıyıq. PAOK-la keçirəcəyimiz oyunun “Panatinaikos”la matçla heç bir bağlılığı yoxdu”.

 

“Panatinaikos”la matçdan sonra yeni transfer edəcəklərini bildirən Qriqorçuk ad çəkmək istəməyib: “Transfer olanda bunu rəsmi şəkildə açıqlayacağıq. Düzdü, yeni transferimizin olacağını demişəm, amma hələ konkret bir şey yoxdu və mən bu barədə əlavə danışmağa ehtiyac görmürəm. Julius Vobay da daxil olmaqla, bir çox futbolçunun adı “Qəbələ” ilə birgə hallana bilər. Ancaq mən yalnız müqavilə bağladığımız futbolçu barədə fikir bildirirəm. Qalan şayiələr məni maraqlandırmır”. 

 

Tengiz MƏMMƏDOV  

 

Xəbər lenti