6 Avqust 09:01 Rəşad Sadıqov: Biz mərhələni səfərdə uduzmuşduq - MÜSAHİBƏ
FUTBOL xəbərləri 6 Avqust 09:01
3170 baxış

Rəşad Sadıqov: Biz mərhələni səfərdə uduzmuşduq - MÜSAHİBƏ

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Seltik”lə 0:0 hesablı heç-heçə edən “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Oyundan sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- 90 dəqiqə gərgin mübarizə apardıq. Çətin oyun oldu. Qol vurmağa çalışdıq, amma alınmadı. Nəticədə mərhələni rəqib keçdi.

 

- Xüsusilə də, hücum zamanı komanda irəlidə çoxala bilmirdi. Səbəbi nə idi?

- Rəqib oynamağa imkan vermirdi. Ustalıq səviyyəsi yüksək olan futbolçulardan qurulublar. Sürətli hücumlar təşkil edirdilər. Buna görə də böyük qüvvə ilə irəli atıla bilmirdik. Çünki topu itirən kimi onlar əks-hücumda təhlükəli epizodlar yaradırdılar. Birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqib pressinq tətbiq etməyə başladı. Meydançanın vəziyyətinin də təsiri oldu. Buna görə də ikinci hissənin əvvəllərində hücum qurmaqda çətinlik çəkdik. Oyuna nəzarət edirdik, amma lazım olan qolu vura bilmədik. Belə götürəndə, biz mərhələni səfərdə uduzmuşduq. Ordakı matçda rəqib çox təzyiq göstərdi. Amma 75-ci dəqiqədən sonra nəzarət tamamilə tərəfimizdə idi. Onlar geri çəkilmişdilər. Lakin bir korner hər şeyi korladı. İstədikləri nəticəni əldə etdilər.

 

- Rəqib futbolçular sizi təxribata çəkirdilər?

- Beynəlxalq oyunlarda belə olur. Hesabda irəlidədilər, istəyirlər səni əsəbləşdirsinlər.

 

- Künc nöqtəsindən ötürmədən sonra zərbəniz alınmadı. Yadınızdan çıxardınız həmin anı, yoxsa...?

- Hələ 2-3 gün yadımdan çıxmayacaq. Top tullana-tullana gəlirdi deyə ayağıma oturmadı. Halbuki məşqlərdə bunu dəqiq yerinə yetirirdik.

 

- Qazonun bərbad vəziyyətdə olması necə, çıxışınıza təsir etdimi?

- Bu haqda danışmaq, bəhanələr gətirmək istəmirəm. “Seltik” layiqli şəkildə mərhələ adladı.

 

- Cari Avrokubok mövsümündə 4 oyun keçirmisiniz və 1 qol vurmusunuz. Bu nədən irəli gəlir?

- Mən də bu haqda düşünürəm. Qol vurmaqda çətinlik çəkirik. Bunun üzərində işləməli, kəsərli hücumlar qurmalıyıq.

Xəbər lenti