12 Noyabr 10:55 Rəşad Sadiqov: Narazılığı olsaydı, özümə deyərdi – MÜSAHİBƏ
FUTBOL xəbərləri 12 Noyabr 10:55
3613 baxış

Rəşad Sadiqov: Narazılığı olsaydı, özümə deyərdi – MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

 

- Komandanız sıx qrafikdə oynayır. Son turlardakı uğursuz çıxışı bununla əlaqələndirmək olarmı?

- Belə deməzdim. Düzdü, 2-3 gündən bir oyun keçiririk. Amma bu, bizim üçün problem deyil. Avropa klubları da belə qrafikdə oynayırlar. Daxili çempionatla yanaşı, Çempionlar və Avropa Liqasında da meydana çıxırlar. Sevindirici haldı ki, biz də artıq sıx qrafikdə oynayırıq. Neçə vaxtdı belə oynadığımızdan, buna alışmışıq, yorğunluq da olmur. Bizim təqvimdən narazılığımız yoxdu.

 

- Baş məşqçi Roman Qriqorçuk Avrokubok oyunlarında dayaq yarımmüdafiəsində daha çox Aleksey Qay və Derlis Meza Kolliyə şans verir. Sizin ehtiyatda qalmağınız nə ilə bağlıdı?

- Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Qriqorçukun məndən narazılığı yoxdu. Əgər olsaydı, özümə deyərdi. Sadəcə, seçimi belədi. Heyəti o, müəyyənləşdirir. İnşallah, mənə yenidən əsas heyətdə şans verər, əlimdən gələni edərəm.

 

- “Qəbələ”nin Avropa Liqasında qrupdan çıxmaq üçün riyazi cəhətdən şansı qalır. Amma hazırkı məqamda bu, möcüzəyə daha çox bənzəmir?

- Möcüzə deməzdim. Qeyd etdiyiniz kimi, riyazi cəhətdən şansımız qalır. “Borussiya”nın qrupun lideri olacağı heç kimdə şübhə doğurmurdu. Biz ikinci yer uğrunda mübarizə aparmaq istəyirdik. Son 2 görüşdə qələbə qazanmalıyıq. “Krasnodar”ı evdə, PAOK-u isə səfərdə məğlub etməyə gücümüz var. Bunu bacarsaq, qrupdan çıxa da bilərik.

 

- “Qəbələ”dən fərqli, sabiq komandanız “Qarabağ”ın qrupdan çıxmaq şansı daha inandırıcıdı...

- Ola bilər. “Qarabağ” bizdən daha çox xal toplayıb. Əgər onlar növbəti mərhələyə keçsələr, sevinərik. Təki Azərbaycan komandası qrupdan çıxsın.

 

- “Qarabağ”ın son 2 mövsümdəki çempionluğunu, ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə düşdüyünü gördükdən sonra bu komandanı tərk etdiyinizə görə təəssüflənirsizmi?

- Mən də bu müddətdə 2 dəfə - “Neftçi” və “Qəbələ”nin heyətində Avroliqanın qrup mərhələsində iştirak etmişəm. Nəsə edəndən sonra peşman olmaq düzgün deyil. Futbol həyatıdı. “Qarabağ”dan çıxandan sonra qrup mərhələsində oynamaya da bilərdim. Amma mənə də bu, qismət oldu. “Qarabağ”ın da uğuruna sevinirəm. Əminəm ki, o klubun rəhbərliyi, məşqçi və futbolçu heyəti də hansı komandada oynamağımdan asılı olmayaraq, mənim uğurlarıma sevinir. Çünki yaxşı münasibətimiz var. Sadəcə, tale belə gətirdi ki, ayrıldıq. Əsas odu, həm onlar, həm də mən qrupda oynadım (gülür).

 

- Son turlarda uğursuz çıxış etdiyinizə görə, “Qarabağ”dan artıq 7 xal geridəsiz. Necə düşünürsüz, Ağdam klubunun ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxmağına mane ola biləcəksizmi?

- Biz çalışırıq ki, “Qarabağ”ın hegemonluğuna son qoyaq. Doğrudan da, “Qarabağ” yaxşı komplektləşmiş komandadı. Amma biz də zəif deyilik. “Qəbələ”də bir-birindən güclü futbolçular çıxış edir. Məşqçi də seçimdə çətinlik çəkir. Çalışacağıq ki, “uğursuzluq zolağı”ndan çıxaq və bu mövsüm çempion olaq.

 

- Bir qədər də milli komanda barədə danışaq. Robert Prosineçkinin gəlişindən sonra yığmamızda nə dəyişib? Ümumiyyətlə, millinin son seçmə mərhələdəki çıxışı nəyə ümid verir?

- Prosineçki Azərbaycan yığmasına hücum futbolu gətirdi. Özünüz də gördünüz ki, komandamız heç bir rəqibdən qorxmadan, çəkinmədən hücum futbolu göstərməyə, qol vurmağa çalışır. Məğlub olduğumuz, qalib gəldiyimiz oyunlarda da komanda 11 nəfərlə müdafiədə oturmur. Əvvəllər elə oyunlar olurdu ki, 7-8 müdafiəçi ilə oynayırdıq. Onda oyun gözə dəymirdi. Amma indi belə şey yoxdu. Millinin əsas heyətində meydana çıxan oyunçular arasında 4 müdafiəçidən başqa hamısı hücumameyilli olur. Hücum futbolu Qafqaz futboluna xas olan bir şeydi. Prosineçki bizim mentaliteti bilir. Özü ilə təkbətək danışanda da bunu hiss etmək olur. Futbolçulara çox hörmətlə yanaşır. Həqiqətən də, komandamıza özünəinam gətirib.

 

- Millimiz bu potensialla DÇ-2018-in seçmə mərhələsində hansı nəticəyə imza ata bilər?

- Mənə elə gəlir ki, son seçmə mərhələdə topladığımızdan daha çox xal yığacağıq. Təbii ki, qrupdan çıxmaq inandırıcı görünmür. Çünki çox güclü rəqiblərlə eyni qrupa düşmüşük. Amma qorxmadan oynayacağıq, meydana hər bir rəqibdən xal almaq üçün çıxacağıq.

 

- Uzun müddət bir yerdə oynadığınız Rəşad Sadıqovun yığma karyerasını bitirib-bitirməmək məsələsi hələ də gündəmdə qalır. Düzdü, sizdən fərqli, Moldova ilə yoldaşlıq oyununa dəvət alıb. Amma son qərarını hələ də açıqlamayıb. Necə düşünürsüz, adaşınız hansı qərarı verməlidi?

- Yığma karyerasını hələ bitirməməlidi. Doğrudan da, Azərbaycan futbolunda müdafiədə “korluq” var. Yığmanın mərkəz müdafiəsinə cəmi 2-3 oyunçu var. Bundan əlavə, Rəşad liderdi, meydanda futbolçulara dəstək olur. Mənə elə gəlir ki, növbəti seçmə mərhələni də oynasa, yaxşı olar. Özünə də demişik ki, yığma karyerasını bitirməsin, cavanlara dəstək olsun. Yığmada onun yerini tuta biləcək futbolçu hələ ki, yoxdu.

 

Tengiz MƏMMƏDOV

 

 

Xəbər lenti