3 Sentyabr 23:42 Rəşad Sadıqov: Nəyinsə sonuna yaxınlaşanda daha şirin olur
FUTBOL xəbərləri 3 Sentyabr 23:42
4672 baxış

Rəşad Sadıqov: Nəyinsə sonuna yaxınlaşanda daha şirin olur

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşan Azərbaycan yığması qolsuz heç-heçə etməklə növbəti xalını qazanıb. Oyundan sonra yığmamızın kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Milli son illərdəki ən əzmkar oyununu nümayiş etdirdi. Kapitan kimi matç haqda nə deyə bilərsiniz?

- Qarşımızda ciddi rəqib var idi. Heyətlərində ustalıq səviyyəsi yüksək olan futbolçular yer almışdı. 10 ay idi bu oyunu gözləyirdik. Səfərdəki məğlubiyyətin cavabını vermək istəyirdik. Təbii ki, həmin yenilginin əvəzini çıxa bilməzdik. Ancaq əzmkarlıq göstərəcəyimizə inanırdıq.

 

- Cavab oyununa marağı artıran ilk dueldəki yenilgi idi?

- Ordakı oyundan sonra azarkeşlər bizdən incimişdilər. Əlimizdən gələni etdik ki, Xorvatiyadakı yenilgini, uğursuz oyunu unutduraq. Fikrimcə, sona qədər mübarizə apardıq. Ola bilsin, bəzi şeylər istədiyimiz kimi alınmadı. Bu da təbiidi. Çünki qarşımızdakı güclü rəqib idi. Şükürlər olsun ki, məğlub olmadıq, əksinə, 1 xal qazandıq.

 

- Sizi hər oyundan sonra elə də sevinən görmürdük. Amma bu dəfə sevincinizi gizlətmədiniz. Bu cür sevinməyiniz nədən irəli gəlirdi? 0:6 hesablı yenilgiyə görə idi?

- 33 yaşım var, gələcəkdə yenə millidə oynayacağımın mümkün olub-olmayacağını bilmirəm. Bu haqda qərar verməmişəm. Amma nəyinsə sonuna yaxınlaşanda daha şirin olur. Fikirləşirsən ki, sabah onu itirəcəm. Hər bir xal, nəticə mənim üçün vacibdi.

 

- Arif Daşdəmirova tez-tez qışqırırdınız. Səbəbi nə idi?

- Bilirdim ki, bu sual veriləcək. Qışqırmırdım, sadəcə, azarkeşlərin səsindən dediyimiz eşidilmirdi. Arif mənim qardaşımdı, aramızda başqa heç nə ola bilməz.