20 Avqust 23:16 Rəşad Sadiqov: Onsuz da Avropada hamı bizdən hündürboyludu - MÜSAHİBƏ
FUTBOL xəbərləri 20 Avqust 23:16
1161 baxış

Rəşad Sadiqov: Onsuz da Avropada hamı bizdən hündürboyludu - MÜSAHİBƏ

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Yunanıstanın köklü klublarından olan "Panatinaikos"la qarşılaşan "Qəbələ" qolsuz heç-heçə edib. Oyunda "qırmızı-qaralar"ın qol vurmaq üçün bir neçə şansları olsa da, bu fürsətlərdən yararlanmaq mümkün olmayıb.

 

Belədə cütün taleyinə gələn həftə Afinada keçiriləcək oyunda aydınlıq gələcək.

 

Oyun başa çatdıqdan sonra "Qəbələ"nin təcrübəli yarımmüdafiəçisi Rəşad Sadiqov apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Üstün tərəf siz olsanız da, qol vura bilmədiniz. Qolsuz heç-heçə sizi nə dərəcədə qane edir?

- Oyun çətin keçdi. Bu cür rəqiblə başabaş oynamaq asan deyil. Amma biz bunu bacardıq. Qol epizodlarımız da oldu, hətta qələbə qazana bilərdik. Qolsuz heç-heçəni də pis nəticə hesab etmirəm. Doğma meydanda qol buraxmadıq. Amma bu dəfə səfərdə fərqlənməliyik.

 

- Sürətli hücumlar zamanı komanda yoldaşlarınız tələskənliyə yol verirdi. Soyuqqanlı davrana bilməmələri nə ilə bağlıdı?

- İkinci hissənin sonlarına yaxın yorğunluq var idi. Amma ümumi götürdükdə, şanslarımız az deyildi. Bu cür təcrübəli, güclü rəqiblə oyunda 3-4 real qol epizodu yaratmaq asan deyil. Problem yararlana bilməməyimizdə idi.

 

- Cavid Hüseynovun yoxluğu yarımmüdafiə xəttində işinizi çətinləşdirmirdi?

- Onun yoxluğu tək mənim yox, komandanın oyununu çətinləşdirirdi. Çünki Cavid topla oynamağı sevir, hər an təhlükəli hücumlar yaradırdı. İstər-istəməz komandaya təsir edirdi.

 

- Artıq rəqibi daha yaxşı tanıdınz. Cavab oyununa hansı ümidlə yollanacaqsınız?

- Çalışacağıq yaxşı nəticə qazanaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.

 

- Rəqibin əksər oyunçuları hündürboyludurlar. Bu amil hava mübarizələri zamanı çətinlik yaratmırdı?

- Öyrəşmişik. "Çukariçki"nın futbolçuları bunlardan daha hündürboy idilər. Sadəcə, "Panatinaikos"un oyunçuları topla daha yaxşı rəftar edirlər. Onsuz da Avropada hamı bizdən hündürboyludu. Məcburuq oynamağa.

 

- Rəhbərlik futbolçularla görüşdü?

- Bizdə adətən cütün ikinci oyunundan sonra rəhbərlik paltar dəyişmə otağına gəlir və futbolçularla görüşür. Bu ilk matçdı, görüş cavab oyunundan sonra  olacaq.

 

- Mərhələ keçəcəyiniz halda rəhbərlik komandaya 500 min mükafat vəd edib?

- Bu yalan informasiyadı. Çünki rəhbərlik oyundan əvvəl mükafatın məbləğini demir. Mərhələ adladıqdan sonra bu rəqəmi açıqlayırlar. İndiki halda yazılanlar həqiqəti əks etdirmir.

 

- Avqustun 23-də çempionat oyununuz var. Tez-tez oynamaq çətinlik yaratmır?

- Buna vərdiş etməliyik. Avropada belədi. Biz də onlara çatmaq üçün həmin yolu getməliyik.

 

- "Panatinaikos"un adı, tarixi var. Bu, sizi qorxutmur?

- Açığı, komanda yoldaşlarımda qələbəyə inam var. Qazonun durumunun yaxşı olmamağı ötürmələrdə dəqiq oynamağımıza mane olurdu. Yer palçıq idi. Bəlkə də suyu çox vermişdilər. Torpaq ayağımızın altından qaçırdı. Əvvəlkilərlə müqayisədə qazon yaxşı deyildi.

 

- Azarkeş dəstəyi sizi qane etdimi?

- Onların dəstəyini hiss edirdik. Stadion dolmuşdu, çalışırdılar bizi ruhlandırsınlar.

 

- Çılğın yunan azarkeşlərinin qarşısında necə, oynamağa hazırsınız?

- Kiprdə o cür tərbiyəsiz azarkeşlər qarşısında oynadıq, uduzmadıq. Onları gördükdən sonra hər şeyə hazırıq. Amma "Panatinaikos" köklü komanda, azarkeşləri isə mədəniyyətlidirlər. Çılğın ola bilərlər, amma tərbiyəsizlik etməyəcəklərinə inanıram.