14 Oktyabr 02:07 Rəşad Sadıqov: Öz gücümü dəyərləndirib, son qərarı verəcəm – MÜSAHİBƏ
FUTBOL xəbərləri 14 Oktyabr 02:07
3912 baxış

Rəşad Sadıqov: Öz gücümü dəyərləndirib, son qərarı verəcəm – MÜSAHİBƏ

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla oyundan sonra (0:2) milli komandamızın kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- İlk hissəyə passiv başladıq. Standart vəziyyətdən buraxdığımız qol bir az işimizi çətinləşdirdi. İkinci hissədə məşqçinin də tapşırığı ilə daha aktiv oynamağa başladıq. Ancaq yenə də “ikinci mərtəbə”dən qol buraxdıq. Ümimilikdə götürəndə ikinci hissədə pis oynamadıq. 90 dəqiqə ərzində o cür oynasaydıq burdan qələbə ilə ayrıla bilərdik.

 

- Komanda kənardan həvəssiz kimi görsənirdi...

- Həvəssiz deyildik, sadəcə ola bilsin bir az yorğun idik. Həmişə istədiyimiz kimi alınmır.

 

- Tsikli ümumilikdə necə dəyərləndirmək olar?

- Seçmə mərhələyə çox pis başladıq.  Ancaq Prosineçkinin gəlişindən sonra həm oyunumuzda, həm də nəticələrdə yaxşılığa doğru dəyişikliklər oldu. Son iki oyundan ən az bir xal qazanmalı idik. Təəssüflər olsun ki, alınmadı. Düşünürdük ki, 2 və ya 3 xal qazanacağıq. Bir xala isə borclu idik. Ancaq bunu edə bilmədik.

 

- İki komanda arasında çox aqressiv oyun alındı. Matçın ciddi əhəmiyyəti yox idi, səncə nə ilə bağlı idi bu aqressivlik?

- Heç bir komanda məğlub olmaq istəmirdi, ona görə, ola bilsin ki gərginlik var idi. Ancaq alınmadı...

 

 - Karyeranla bağlı son qərarı verdin?

- Yox, danışdığımız kimi, hələ vaxt var. Moldova ilə oyuna qədər düşünüb qərar verəcəm.

 

- Yəni hələ oynamaq istəyi var?

- Əlbəttə ki, kim istəməz ki oynamağı? Karyerasını bitirmiş kimdən soruşsan, o da deyəcək ki, oynamaq istəyirəm, ancaq hər şeyi düzgün dəyərləndirmək lazımdı. Çünki, bu millidi, burada oynamaq hər bir insan üçün şərəfdi. Ancaq milli formanı geyinmək üçün layiqli olmalısan. Mən öz gücümü dəyərləndirib son qərarı verəcəm. Əgər mənə ehtiyac olsa, əsas heyətdə olmasa da, kömək etməyə həmişə hazır olacam.

 

- Müdafiədə Ruslanla tandemin necə alındı?

- Pis alınmadı. İlk dəfə idi ki, Ruslanla mərkəzdə ikimiz oynayırdıq. Foqtsun vaxtında bir dəfə 45 dəqiqə oynamışdıq, orda bir az uğursuz alınmışdı, ancaq bu gün pis alınmadığını düşünürəm. Düzdü, “ikinci mərtəbədən” qol buraxdıq. Əlavə olaraq rəqibə ciddi qol imkanları vermədik. Sadəcə, İtaliya da, Bolqarıstan da əllərinə düşən az imkanlardan yaxşı istifadə elədilər.

Xəbər lenti