27 Avqust 10:52 Rəşad Sadiqov: "Qəbələ" “Panatinaikos”dan zəif deyil - MÜSAHİBƏ
FUTBOL xəbərləri 27 Avqust 10:52
3340 baxış

Rəşad Sadiqov: "Qəbələ" “Panatinaikos”dan zəif deyil - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Premyer Liqanın ilk 3 turunda 7 xal toplamısınız. Hadisələrin gedişindən məmnunsunuz?

- Mənə elə gəlir ki, hər şey istədiyimiz kimi gedir. İlk 3 turda 7 xal toplamışıq və 1-2-ci yerləri bölüşürük. Eyni anda Avrokubokda da mübarizə apardığımızdan, demək olar ki, üç gündən bir oyun keçiririk. Buna baxmayaraq, hər iki cəbhədə uğurlu çıxış etdiyimizi düşünürəm.

 

- Sıx təqvim sizi yormur?

- Xeyr, yorğunluq yoxdu. Əldə etdiyimiz nəticələr də göstərir ki, sıx təqvimin bizə elə bir mənfi təsiri yoxdu.

 

- Artıq bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”la taleyüklü oyuna çıxacaqsınız. Bu ağır sınağa hazırsınız?

- Hələ Bakıda görüş bizim üçün çətin keçdi. Burda da bizi ağır oyun gözləyir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq. Bütün komanda buna köklənib.

 

- İlk oyuna əsasən, “Panatinaikos” sizdə necə təəssürat yaratdı?

- Fikrimcə, dişimizə görə rəqibdi. Düzdü, “Panatinaikos” adlı-sanlı komanadı, Yunanıstan çempionluğu titulu var. Amma “Qəbələ” onlardan heç də zəif deyil. Məğlubedilməz rəqib yoxdu. Sadəcə, qələbəyə inanmaq və meydançada bacarığını ortaya qoymaq lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən matça tam hazırıq.

 

- Necə düşünürsüz, “Panatinaikos” deyildiyi qədər qorxulu rəqibdi?

- Bilirsiniz, 5 potensial rəqibimizin hamısı güclü idi. Beşi də ad-sanına görə bizdən güclü sayılırdı. Hətta elə komandalar var idi ki, “Panatinaikos”dan ikiqat güclü idi. Mənə elə gəlir ki, həmin 5 komanda arasında bizə ən münasib rəqib düşüb. Püşkatmanın nəticəsinə nə təəssüfləndik, nə də üzüldük. Məqsədimiz bu komandanı da mübarizədən kənarlaşdırıb, yolumuza davam etməkdi. İlk oyunu da pis keçirmədik. Evdə qol buraxmamaq çox önəmli idi. İndi səfərdə qol vurub, mərhələni adlamağa çalışacağıq.

 

- Yunan azarkeşlər komandalarını çılğın şəkildə dəstəkləməklə seçilirlər. Özünüzü psixoloji cəhətdən həm rəqibə, həm də azarkeşlərə qarşı hazırlaya bilmisiniz?

- Biz, onsuz da, bundan öncəki 3 mərhələnin hər birində səfər matçını psixoloji gərginlik içində keçirmişik. Xüsusən də, “Apollon”la Kiprdəki görüşdə daha çox təzyiq olmuşdu. Buna görə də, növbəti azarkeş təzyiqinə də hazır olduğumuzu deyə bilərəm. Digər tərəfdən, dolu tribunalar önündə oynamaq hər bir futbolçunu daha çox həvəsləndirir və qürurlandırır. Meydançaya elə düşüncə ilə çıxmalıyıq ki, sanki doğma divarlar arasında oynayırıq.

 

- Yayda komandada qalıb-qalmayacağınız sual altında idi. Amma bu mövsümkü oyununuzla yenidən əsas heyətdə möhkəmləndiniz. Əsl Rəşad Sadiqovu izləməyimizə çox qalıb?

- Məncə, bu mövsüm pis oynamıram. Məşqçilər korpusu da, rəhbərlik də çıxışımdan razıdı. Mən də çalışıram onların etimadını doğruldum, əvvəllər necə oynayırdımsa, indi də o cür çıxış edim. Əlimdən gələni edirəm ki, azarkeşlərə yenidən əvvəlki Rəşadı göstərim. Tək istəyim komandama xeyir verməkdi. Məşqçilər korpusu da bu əzmimi əsas heyətdə şans verməklə qiymətləndirir.

 

- Aleksey Qay meydançada sizə ən yaxın futbolçudu. Onunla bir-birinizi tam anlaya bilirsiniz?

- Onunla nəinki meydançada, ondan kənarda da çox yaxşı münasibətimiz var. Ümumiyyətlə, çox gözəl kollektivimiz var. Burda yerli-legioner ayrı-seçkiliyi yoxdu. Hər dəfə məşqdən, oyundan sonra bir yerdə oturub, deyib-gülürük, söhbət edirik. Bu da oyunumuza müsbət təsir edir. Nəticəsi də göz önündədi.

 

Ruslan SADIQOV / Afina

Xəbər lenti