5 Oktyabr 13:20 “Rəvan”da biabırçılıq: UEFA-nın pulunu mənimsədilər, komanda ac qaldı
FUTBOL xəbərləri 5 Oktyabr 13:20
6171 baxış

“Rəvan”da biabırçılıq: UEFA-nın pulunu mənimsədilər, komanda ac qaldı

U-19 liqasının qalibi kimi ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən “Rəvan” Moskvada təkcə məğlubiyyəti ilə bizi məyus etmədi. “Spartak”la ilk görüşdə 0:4 hesabı ilə məğlub olan “aslanlar”a növbəti zərbəni klub rəhbərliyi vurub. Apasport.az  futbolinfo.az saytına istinadən xəbər verir ki, klubun başında Rusiya paytaxtına yollanan vitse-prezident İlqar Axundov və akademiyanın rəhbəri Bəhmən Həsənov uşaqların başına oyun açıb.

Sentyabrın 28-də Moskvaya yollanan “Rəvan” ayın 30-da baş tutan matçdan sonra məskunlaşdıqları “Holiday İnn” otelinə qayıtmalı, daha sonra Bakıya gəlməli imiş. Belədə onlar həm dincəlməli, həm də şam etməliymiş. Amma oyunöncəsi bəlkə də matçın nəticəsinə də səbəb olan psixoloji zərbə yaşanıb. Klub rəhbərliyi futbolçulara oteldən yığışıb çıxmağı tapşırıb. Onlara matç bitən kimi hava limanına yollanacaqları və orada yemək yeyəcəkləri haqda məlumat verilib.

 

 

Moskvada yetim günündə, qaçqın kimi qalan futbolçular bu psixoloji zərbənin ağırlığını bir hissə dözdükdən sonra hiss ediblər. Ardıcıl 4 top buraxan komanda sanki rəhbərliyin biganəliyindən bezərək mübarizə əzmlərini də itiriblər.

 

 

Ən maraqlı hadisələr isə hava limanında yaşanıb. Təyyarə havaya qalxanadək 2 saata yaxın vaxtı olan futbolçular yenə qidalanmayıb. Yenə də Axundovla Həsənov onlara oyun oynayıb. Öz övladları yaşda uşaqlar üçün yemək təşkil edəcəklərini deyən başbilənlər gizlincə aradan çıxıb. Onlar özü toqqalarının altını bərkidib təyyarədə əyləşən vaxt futbolçu və məşqçilər, eləcə digər işçilər yemək üçün onların gətirəcəyi xəbəri gözləyirmiş.

 

Beləcə futbolçuları Moskvadan Bakıya ac gətirən İlqar Axundov – Bəhmən Həsənov cütlüyü bu hərəkətləri qarşılığında balacaları incitsə də, özləri yaxşıca qazanıblar. Oteldən tez ayrılmaq, bir dəfə yemək süfrəsinə qənaət etmək, üstəlik, hava limanında da futbolçuları qidalandırmayan rəsmilər həmin pulları öz eyş-işrətlərinə xərcləyib. UEFA-nın bu yarışda iştiraka görə “Rəvan”a 70 min dollar ayırdığını nəzərə alsaq, sözügedən cütlük təkcə klubun sahibi Nuru Əliyevi aldatmayıb.

 

 

Doğrusu, bütün bu olaylardan Nuru Əliyevin xəbəri olub-olmadığını bilmirik. Varsa, tədbir görmürsə, deməli, özü də onlarla əlbirdi, xəbəri yox imişsə, artıq bildi, buyurub araşdırsın.

Xəbər lenti