24 İyul 14:48 Ronni Deyla: “Qarabağ”ı Qlazqoya ağır səfər gözləyir
FUTBOL xəbərləri 24 İyul 14:48
2097 baxış

Ronni Deyla: “Qarabağ”ı Qlazqoya ağır səfər gözləyir

“Qarabağ” gözlədiyimizdən də, yaxşı komandadı. Onlar keçən mövsüm Enshededə “Tvente” ilə qollu heç-heçə oynayaraq, Avroliqanın qrupuna düşüblər. Rəqibimiz qrup mərhələsində də yaxşı çıxış edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Seltik”in çalışdırıcısı növbəti dəfə Ağdam klubu haqda fikirlərini bölüşüb.

 

Deyla bildirib ki, hər iki tərəf üçün çətin oyun olacaq: “Biz də yetərli qədər yaxşı komandayıq. Gücümüzü göstərməliyik. Özü də ilk matç öz meydanımızda keçiriləcək. Bu, bizim üçün çox önəmli oyundu. Eyni zamanda, rəqib üçün də çətin qarşılaşma olacaq. Ümumiyyətlə, Çempionlar Liqası turnirində asan oyun olmur. Qələbə qazanmaq və pley-offa adlamaq üçün bütün gücümüzdən istifadə etməliyik. Bizim üçün əsas Çempionlar Liqasıdı. Komandanın bütün üzvləri turnirin qrup mərhələsində oynamaq istəyir”.

 

Norveçli çalışdırıcı Şotlandiya və Azərbaycan arasındakı məsafənin çox olmasından gileylənərək, səfərin həm “Seltik”i, həm də “Qarabağ”ı yoracağını qeyd edib: “Biz Azərbaycana uzun yol qət etməmişdən öncə onlar Şotlandiyaya gəlməlidilər. Qısası, “Qarabağ”ı Qlazqoya uzun yol, ağır səfər gözləyir. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Səfər qarşılaşması üçün Bakıya 1 gün tez gedəcəyik ki, ordakı mühitə adaptasiya olaq. Təxminən 5 saatlıq yol qət etməliyik. Mən Azərbaycanda heç vaxt olmamışam və bu, mənim Bakıya ilk səfərim olacaq”.

 

Qeyd edək ki, “Seltik” və “Qarabağ” komandaları arasındakı ilk oyun iyulun 29-da Qlazqoda keçiriləcək. 

Xəbər lenti