14 İyul 14:43 Rövnəq Abdullayev: Onlar yenidən Premyer Liqaya qayıda bilər
FUTBOL xəbərləri 14 İyul 14:43
4831 baxış

Rövnəq Abdullayev: Onlar yenidən Premyer Liqaya qayıda bilər

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində pis oyun sərgiləmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

 

SOCAR-ın prezidenti “Neftçi İdman Klubu”nun I Avropa Oyunlarında mükafat qazanan təmsilçiləri ilə görüşdə jurnalistlərin suallarını cavablandırıb. Abdullayev Avropa Liqasının I təsnifat mərhələsində uğursuz çıxış edib, Monteneqronun “Mladost” klubunu keçə bilməyən “Neftçi”nin çıxışına münasibət bildirib: “Gənc, 20-21 yaşlı futbolçular heç bir gərginlik keçirmədən yaxşı oyun nümayiş etdirirdilər. Bu isə o deməkdi ki, pis nəticə deyil və hər şey yaxşı olacaq”.

 

Abdullayev “Neftçi” kimi köklü kluba gənc Samir Əliyevin baş məşqçi təyin olunması haqqa fikirlərini açıqlayıb: “Mənim şəxsi fikrimdi ki, yerli məşqçilər klublara gətirilən xarici mütəxəssislərdən daha yaxşı nəticə göstəriblər. Bu sözümlə klubların işinə qarışmaq istəmirəm, amma mənim fikrim belədi. Mənə elə gəlir ki, Samir Əliyev hələ cavandı, iddialıdır və klubda qalsa, yaxşı olacaq”.

 

AFFA prezidenti Topaz Premyer Liqasında sonuncu yeri tutub aşağı dəstəyə yuvarlanan “Bakı”nın geri qaytarılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Çempionatın əsasnaməsi var və buna uyğun olaraq, mövsümü sonuncu pillədə bitirən klub I diviziona düşməlidi. “Bakı” klubu da I divizionda oynayacaq. Normal oyun göstərsə, yenidən Premyer Liqaya qayıda bilər”.

 

Abdullayev bir müddət əvvələdək ciddi maliyyə problemləri ilə üzləşdiyindən çempionatda çıxış etməməsi müzakirə olunan “İnter”in durumundan da danışıb: “Heç kim çempionatdan çıxmayacaq. “İnter” hələlik avrokuboklarda yaxşı nəticə göstərir. Paytaxt klubu artıq II təsnifat mərhələsinə hazırlaşır. Bu klub Premyer Liqada çıxışını davam etdirəcək”.

 

AFFA prezidenti bildirib ki, futbolun inkişafı ilə bağlı yeni dövlət proqramı da hazırlanır: “Biz yeni dövlət proqramı hazırlayırıq. Burada çox böyük məqsədlər qoyulub. Məqsədimiz 2020-ci ilə Azərbaycan yığmasını hazırlamaqdı. Yığmamızın Avropa çempionatının final mərhələsində iştirak etməsini, qrup mərhələsinə çıxmasını düşünürük. Bunun üçün də proqram şəklində həyata keçirəcəyik. Proqramda əsas məsələ pul deyil, klubların düzgün idarə olunması, ictimailəşməsidi. Bir çox klubların strukturları dəyişdirilir, ictimai təşkilata çevrilir. Bir neçə klubdan başqa, digərləri ictimailəşəcək. İctimai klub olanda azarkeş də, dəstək də - hamısı çox olur. Bir şirkətin dəstəyi ilə olan klubla bölgənin ictimai klubunun dəstəyi daha böyük ola bilər. Biz də işlərimizi o səviyyədə davam etdirəcəyik”.

Xəbər lenti