15 Sentyabr 15:00 Ruslan Abışov: “Qəbələ” azarkeşlərinə söz vermişdim - MÜSAHİBƏ
FUTBOL xəbərləri 15 Sentyabr 15:00
8025 baxış

Ruslan Abışov: “Qəbələ” azarkeşlərinə söz vermişdim - MÜSAHİBƏ

“Qəbələ”yə qayıdan millimizin futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- Transfer qadağası hələ də qüvvədə olan “Xəzər Lənkəran”dan ayrılmağınız normal qarşılansa da, “Qəbələ”yə qayıdacağınızı heç kim gözləmirdi. Təklif kimdən gəldi və keçid necə baş tutdu?

- Bildiyiniz kimi, “Xəzər Lənkəran”da vəziyyət belə olandan sonra klubdan ayrılmaq məcburiyyətində qaldıq. Bu vaxt “Qəbələ”dən təklif gəldi. Baş məşqçi özü qayıtmağımı istədi. Keçən il “Qəbələ”də oynamışdım, çox yaxşı komandamız var idi. Buna görə də, ora qayıtmağı daha məqsədəuyğun saydım.

 

- Halbuki adnız “Neftçi” ilə birgə daha çox çəkilirdi...

- Əlbəttə, başqa təkliflər də var idi. Amma “Qəbələ” mənə daha doğma gəldiyi üçün bu təklifi qəbul etdim. Keçən il bu komandanın heyətində bürünc medal qazanmışdım. “Qəbələ” ilə bağlı yaxşı xatirələrim var idi. Deməli, qismət bura imiş.

 

- Dediyiniz kimi, keçən ili “Qəbələ” keçirdiz. Komandanın kapitanı olmaqla yanaşı, aparıcı oyunçularından biri idiniz. Ötən mövsüm başa çatan kimi “Qəbələ”dən ayrıldığınıza görə indi peşmansızmı?

- Keçmiş barədə danışmaq istəmirəm. Çünki olan olub və bunlar keçmişdə qalıb. Bu gündən sonra artıq gələcək və öz oyunum barədə fikirləşəcəm. Peşmanlığın, keçmişlə bağlı düşünməyin heç bir mənası yoxdu.

 

- Siz oynadığınız vaxtla müqayisədə “Qəbələ”nin heyətində çoxlu dəyişikliklər olub. Rəqabətdən qalib ayrılmaq və yenidən Roman Qriqorçukun etimadını qazanmaq çətin olmayacaq?

- Mənim üçün heç bir problem yoxdu. Hər zaman demişəm ki, heç vaxt rəqabətdən çəkinmirəm. Kim layiqdisə, o da əsas heyətdə oynayacaq. Buna peşəkar futbolçu kimi normal baxıram. Mən rəqabətə hazıram.

 

- “Qəbələ”nin heyətində Avroliqanın qrup mərhələsində oynaya bilməyəcəksiz. Bu sizi məyus edirmi?

- Çox istərdim ki, “Qəbələ”nin heyətində Avroliqada çıxış edim. Düzdü, əvvəl “Rubin”in heyətində qrup mərhələsində oynamışam. Amma bu dəfə “Qəbələ”nin heyətində çıxış etmək mənim üçün tamam başqa cür olardı. Əlbəttə, təəssüflənirəm.

 

- Baş məşqçi sizdən ölkədaxili yarışlarda istifadə edəcək. Yeri gəlmişkən, çempionatda “Qəbələ”dən nə gözləmək olar? Komandanız “Qarabağ”la sona qədər çempionluq mübarizəsi apara biləcəkmi?

- Keçən il 3-cü yeri tutanda “Qəbələ” azarkeşlərinə söz vermişdim ki, bu il komanda artıq çempionluğa oynayacaq. Yaxşı baş məşqçimiz, yerli və legioner futbolçulardan qurulmuş heyətimiz var. Məncə, bu il çempion olmaq üçün yaxşı imkanlara sahibik. Bundan maksimum istifadə etsək, “Qəbələ” çempion ola bilər.

 

- FİFA “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağasını ləğv etsə, yenidən cənub klubunun formasını geyinərsizmi?

- İndidən nəsə demək olmur. Çünki əvvəldən “bunu etmərəm, qayıtmaram” demək düzgün deyil. Həyatdı, hər şey ola bilər. Bunu zaman göstərəcək. Əgər bu dəqiqə burdayamsa, deməli, yalnız “Qəbələ” barədə fikirləşirəm.

 

- Milli komandamızı gələn ay İtaliya və Bolqarıstanla oyunlar gözləyir. Həmin görüşlərdə sizi yığmanın əsas heyətində görə bilərikmi?

- Millidə oynamaq hər bir futbolçu üçün şərəfdi. Mən də həmişə istəmişəm ki, əsas heyətdə oynayım. Bunun üçün çalışıram və çalışacam da. Baş məşqçi mənə nə vaxt şans versə, onun ümidini doğruldacağıma inanıram.

 

Tengiz MƏMMƏDOV 

 

Xəbər lenti