19 İyun 23:02 Şahin Diniyev: Yerli futbolçu tapmaq müşkül məsələdi - MÜSAHİBƏ
FUTBOL xəbərləri 19 İyun 23:02
5397 baxış

Şahin Diniyev: Yerli futbolçu tapmaq müşkül məsələdi - MÜSAHİBƏ

“Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

 

- Təyinatınızdan sonra hansı işlər görülüb?

- Komandanı sıfırdan qurduğumuzu nəzərə alsaq, artıq vaxt baxımından gecikmişdik. Üzdə olan yerli futbolçuların əksəriyyətinin klubları ilə müqavilələri vardı, olmayanlar isə artıq başqa komandalara anlaşıb. Bu baxımdan yerli futbolçu tapmaq müşkül məsələyə çevrilib. Anladım ki, biz təcrübə və ustalıq baxımından Premyer Liqanın əksər klublarına uduzmuşuq. Buna görə də düzgün istiqamət - aqressiv, gənc, fiziki baxımdan güclü olan futbolçulardan ibarət komanda yaratmaq yolunu seçdik. Buna uyğun da seleksiya işləri görməyə başladıq. Gec başlamağımız, həm də maddi durumumuzun istənilən səviyyədə olmamağı bizə çətinliklər yaratdı. Buna baxmayaraq, indiki vəziyyətdən razıyam. Futbolda iki məqam var: ya baş məşqçi öz fəlsəfəsinə uyğun futbolçular seçir, ya da futbolçulara uyğun öz fəlsəfəsini qurur. Gözəl olardı ki, öz fəlsəfəmə uyğun futbolçular seçəsən. Amma gecikməyimiz ikinci variantın üzərində dayanmağımıza səbəb oldu.

 

- Konkret neçə futbolçu ilə anlaşmısınız?

- Hazırda 3 futbolçu ilə müqavilə imzalamışıq. 15-ə yaxın futbolçu ilə intensiv danışıqlar gedir və əksəriyyətinin razılığı əldə edilib. Kiçik nüanslar olmasa, iyulun 1-dəki təlim-məşq toplanışında 15-18 futbolçu iştirak edəcək. Bir neçə gün əvvələ qədər klubların transferlərinə diqqət yetirərkən, “Kəpəz”in gələnlər qrafasında yalnız Bəxtiyar Soltanovun adı var idi. İndi say çoxalıb.

 

- Təlim-məşq toplanışı ilə bağlı planınız necədi?

- Ümumiyyətlə, hazırlıq prosesini 3 mərhələyə bölmüşük. Çalışmışıq ki, hər 3 mərhələdə dəqiq və keyfiyyətli seleksiya işi aparmaqla yanaşı, taktiki və fiziki hazırlığımızı da həyata keçirəcəyik. Ona görə də hazırlığın I mərhələsi iyunun 20-dən 28-dək Gəncədə keçiriləcək. Orada sırf Gəncədən olan futbolçuları yaxından izləyəcəyik. Hazırlığın II mərhələsini isə iyulun 1-dən 10-dək Bakıda keçirəcəyik. Burada Gəncədən seçilmiş futbolçulara heyətə cəlb etdiyimiz digər yerli oyunçular da qoşulacaq. Bu zaman biz komandanın təxminən 70 faizini formalaşdırmış olacağıq. Üçüncü mərhələ isə komandanın formalaşdırılmağında problemlə üzləşməsək, iyulun 13-dən 25-dək Türkiyənin Ankara şəhərində keçiriləcək və legionerlər də komandaya qoşulacaq.

 

- Bu cür seçimin alınmasında büdcənin də rolu varmı?

- Biz vaxt baxımından gecikdik. Sirr deyil ki, futbolçu seçimində maddi durumun da böyük rolu var. Çalışdıq ki, keyfiyyəti kəmiyyətə qurban verməyək və qarşımıza qoyduğumuz məqsədə addım-addım çataq.

 

- Komandanın cari mövsümdəki hədəfi nədən ibarət olacaq?

- Yeni komanda qurduğumuza görə, təməli möhkəm qoymağa çalışacağıq. Bu mövsümdə ilk “altılığ”a düşmək uğrunda mübarizə aparacağıq. İnanıram ki, komanda gələcəkdə iddialılar sırasında olacaq. Biz bu mövsüm uğurun təməlini qoymağa borcluyuq. Ona görə ki, Gəncənin ölkə futbolunda hər zaman öz çəkisi, yeri olub. Hər zaman bu şəhərin təmsilçisi iddialılar sırasında yer alıb. Komandanın keçmiş gücünü, əzəmətini geri qaytarmaq üçün bu yöndə çoxlu çalışmalıyıq.

 

- Gəncə hər zaman ölkə futboluna öz yetirmələri ilə töhfə verib. Ancaq son zamanlarda qeyri-sabitlik bu ənənəni demək olar, məhv edib. Əvvəlki ənənəni necə, bərpa etmək mümkün olacaqmı?

- Ağrılı sualdı. Bu ənənəni geri qaytarmaq üçün birinci komandanın uğurundan çox uşaq futbolunun bərpa olunması, yeni infrastrukturun qurulması, futbol akademiyasının yaradılması vacib şərtlərdəndi. Bunun üçün şərait, istək və düzgün istiqamət seçmək labüddü. Bu yöndə də klub rəhbərliyi ciddi işlər görməyə başlayıb. Müşahidə Şurası, eləcə də icraçı-direktor gərgin iş qrafikində çalışırlar. Bir faktı qeyd edim, bu, Gəncə klubuna ikinci dönüşümdü. Birinci dəfə baş məşqçi kimi işə başlayanda komandada 10-a yaxın təcrübəli gəncəli futbolçu var idi. Biz də onların ətrafında komandanı formalaşdırdıq. Hazırkı məqamda acınacaqlı olsa belə deməliyəm ki, Gəncənin yetirmələrini barmaqla saymaq olar. Amma gələcəyə ümidlə baxırıq.

 

- Stadionla bağı hansı işlər görülür? İlk oyununuzu doğma meydanda keçirə biləcəksinizmi?

- Müşahidə Şurasının ilk toplanışında “Kəpəz”in ev oyunlarının doğma meydanda keçirilməsi prioritet bir məsələ kimi qoyulmuşdu. Bu yöndə də gərgin işlər gedir. Çalışacağıq ki, həmin vaxta qədər stadionun ot örtüyünü və tribunanı Premyer Liqanın tələbləri səviyyəsinə çatdıraq.

 

- Məşqçilər Komitəsindəki fəaliyyətinizi necə, davam etdirəcəksiniz?

- İyulun 1-dək işimi davam etdirəcəm. Bildiyiniz kimi, U-21-in Danimarkadakı təlim-məşq toplanışında və Farer adaları ilə rəsmi oyunda komandanın yanında oldum. İşimi vicdanla görməyə çalışmışam. İyulun 1-dən sonra AFFA-nın verəcəyi qərara hörmətlə yanaşacam.

 

Xəbər lenti