14 İyul 17:02 Samir Əliyev: Ayaqqabısını geyinmək olar, amma onun kimi yerimək mümkün deyil - MÜSAHİBƏ
FUTBOL xəbərləri 14 İyul 17:02
4920 baxış

Samir Əliyev: Ayaqqabısını geyinmək olar, amma onun kimi yerimək mümkün deyil - MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

 

- Çempionatın startına artıq bir aydan az vaxt qalır. Hazırlıq necə gedir?

- İndiyə qədərki hazırlıqlar istədiyimiz şəkildə keçib. Sabahdan yenidən bir araya gəlib toplanışın növbəti mərhələsinə başlayacağıq.

 

- Yeni transferlər olacaqmı?

- Bəli, heyətə bir neçə oyunçu cəlb etmək fikrimiz var. Bu məsələdə tələsmək istəmirik. Gec olsun, amma yaxşı oyunçular olsun.

 

- Demək olar ki, boşda qalan yerli futbolçu yoxdu. Xarici bazara üz tutmusunuz?

- Doğrudu, əcnəbi transferlər olacaq. Amma hazırda çox çətindi. Çünki yüksək səviyyəli futbolçuların çoxu özlərinə yeni klub tapıb. Çalışacağıq ən azı 2 təcrübəli əcnəbi futbolçu alaq ki, yerli gənclər də onlardan nəsə öyrənsinlər.

 

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Müdafiənin mərkəzini və hücum xəttini. Xüsusən də, hücumda boşluq var. Hücumda rəqabət yoxdu, Məhəmməd Qurbanov, demək olar ki, təkdi. Düzdü, əlimizdə Ruslan Qurbanov da var. Amma o, tipik hücumçu deyil.

 

- “Neftçi” Premyer Liqaya nə dərəcədə hazırdı?

- Açığı, tam hazır deyilik. Çünki heç bir ay deyil ki, yığışmışıq. İndi hazırıq desəm, yalan danışmış olaram. Qarşıdakı təlim-məşq toplanışında vəziyyəti düzəltməyə çalışacağıq. Toplanışda keçirəcəyimiz yoxlama görüşləri komandanın inkişafına kömək ola bilər. Komandada çatışmayan cəhətləri görəcəyik, onların üzərində çalışacağıq. Onsuz da, əksər komandalar çempionatın əvvəlində tam hazır olmur. Çempionat oyunları gedə-gedə hazırlıqlar görülür, komanda formalaşır.

 

- “Qarabağ”, “Qəbələ”, “İnter” və “Xəzər Lənkəran” kimi rəqiblərlə mübarizə çətin olmayacaq?

- Əlbəttə çətin olacaq. Təkcə bu komandaları yox, digərlərini də hesabdan silmək olmaz. Çünki zəif deyilən komandalar iddialılardan tez-tez xal ala bilirlər. Biz bunlara fikir vermədən öz işimizlə məşğul olacağıq. Çalışacağıq ki, mübariz kollektiv formalaşdıraq və stabil oyun göstərək. Güclü kollektiv qurmaq 1-2 ayın işi deyil. Bunun üçün illər lazımdı. Bu müddətdə futbolçuları ələkdən keçirəcəyik. Sınaqdan üzüağ çıxanlar “Neftçi”də oynamaqda davam edəcəklər. Özünü doğrultmayanlar bizimlə olmayacaqlar.

 

- Gələn mövsüm hədəfiniz nə olacaq?

- Sizə onu deyə bilərəm ki, “Neftçi” aciz komanda olmayacaq. Demirəm ki, mütləq çempionluğa oynayacağıq. “Qarabağ” və “Qəbələ” kimi güclü komandalar var. Çempion olmasaq da, ən azı Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacağıq. Düzdü, əksər futbolçularımız gənclərdi. Ancaq onlar “Neftçi”nin formasını geyinirlər. “Neftçi”də oynamaq isə böyük məsuliyyət tələb edir.

 

- AFFA prezidenti Rövnəq Abdullayev və “Neftçi İdman Klubu”nun sədri Sadıq Sadıqov sizin ünvanınıza tərif yağdırıblar. Hətta Sadıq Sadıqov sizin ikinci Qurban Qurbanov ola biləcəyinizi iddia edib...

- Haqqımda belə xoş sözlər dediyi üçün hər ikisinə minnətdaram. Qurban Qurbanov Azərbaycan futbolunun etalonudu. Onun kimi olmağa hələ çox var. Qurbanın ayaqqabısını geyinmək olar, amma onun kimi yerimək mümkün deyil. Bu sahədə gənc olsam da, mənə etibar edənlərin ümidini doğrultmağa çalışacam.

 

Ruslan SADIQOV

Xəbər lenti