11 Noyabr 10:30 Samir Əliyev: “Neftçi” bu durumda olmamalıdı - MÜSAHİBƏ
FUTBOL xəbərləri 11 Noyabr 10:30
3282 baxış

Samir Əliyev: “Neftçi” bu durumda olmamalıdı - MÜSAHİBƏ

“Neftçi” klubunun baş məşqçisi Samir Əliyevin müsahibəsi


- Komandada nə baş verir? Zəif çıxışın səbəbi nədi - bəxtsizlik, futbolçuların zəifi oyun, səhv taktiki seçim və ya rəhbərlikdən lazımi dəstəyin olmamağı?
- Zəif çıxışı rəhbərliklə əlaqələndirmək istəməzdim. Həm futbolçulara, həm də məşqçilər korpusuna həmişə dəstək olublar. Bir neçə gün əvvəl istefa verəndə də bizə etimad göstərdilər. Komandanın indiki vəziyyətə düşməsinə bir neçə səbəb var. Onlardan birincisi kollektivin əsasən gənclərdən təşkil olunması və təcrübəsizlikdi. Bir neçə oyunda bəxt də tərəfimizdə deyildi, son dəqiqələrdə buraxılan qollar üzündən vacib xallar itirdik. Bu da öz növbəsində futbolçulara psixoloji təsir göstərdi. Məhz təcrübəsizlik və bəxtsizlik üzündən itirilən xalları hesablasaq, qazandığımız qədər olar. İkinci əsas səbəb futbolçular arasında rəqabətin demək olar ki, yoxluğudu. Başqa səbəblər də var. Bunları deməklə, məsuliyyəti üzərimdən atmaq istəmirəm. Ən böyük səbəb elə  başda mən olmaqla, məşqçilər korpusudu. Bizim də təcrübəsizliyimiz, müəyyən səhvlərimiz hazırkı vəziyyətin yaranmasına gətirib çıxarıb. 

 

- Əsas heyətdə oynayan gənclərin əksəriyyəti müxtəlif yaşlı yığmanın üzvləridi. Onların yaşıdları Avropanın top-komandalarında, yığmalarında oynayırlar. Yəni, 20-21 yaşlı futbolçunu təcrübəsiz hesab eləmək nə dərəcədə düzgündü? Onların səviyyəsi onsuz da aşağı olan Premyer Liqaya uyğunlaşmamağının səbəbləri nədi?
- Müdafiə xəttini götürək. Mellidən başqa bütün futbolçular 20-21 yaşındadı. Onların da əksəriyyəti 21 yaşlı yığmanın üzvləridi. Əslində, doğru buyurursuz, təcrübə baxımından axsamamalıdılar. Amma fakt budu ki, hər oyunda qol buraxırıq. Hansılar ki, onların çoxu müdafiəçilərin mövqe səhvlərindən sonra qapımızdan keçib. Buraxılan qolları heç də təkcə müdafiəçilərin ayağına yazmaq fikrində deyiləm. Müasir futbolda kollektiv şəkildə müdafiə olunmalısan. Amma konkret səhvlərə gəlsək, çox vaxt müdafiəçilərin diqqətsiz oynadıqlarını görərik. Elə oyunlar olub ki, komanda yaxşı oyun sərgiləyib. Məsələn, "Qarabağ”la heç-heçə başa çatan qarşılaşma və ya "Sumqayıt”la matç. Belə oyunlardan sonra adamda özünə inam hissi artır, gələcəyə nikbin baxırsan. Qısası, komandadakı çatışmazlıqlardan biridə stabilliyin olmamasıdı.

 

- Son dəqiqələrdə buraxılan qollara da təcrübəsizlik səbəbdi?
- Hər oyunda ayrı-ayrı situasiya ilə qarşılaşmışıq. Məsələn, "İnter”lə oyunda tez arxaya çəkildik. Və ya AZAL-la qarşılaşmada müdafiənin buraxdığı kobud səhv məğlubiyyətə səbəb oldu. Hər oyunda qol buraxmaq müdafiə xəttindəki problemlərdən xəbər verir. Ən böyük problem isə müdafiədə oyunu üzərinə götürə biləcək liderin olmamasıdı. 

 

- Filyo Jairo Rodrigesi komandaya kim gətirib?
- Filionu son anda komandaya götürmüşük. “Transfer pəncərəsi” bağlanmışdı və istədiyimiz müdafiəçini transfer edə bilməmişdik. Azad transferlərdən isə babatı Filyo idi. Onunla dekabra kimi müqavilə bağladıq. Filyonun komandaya götürülməsində məqsəd müdafiədə rəqabətin artırılması idi və son qərarı məşqçilər korpusu verib. Nəyə görə maraqlandınız?


- Məsələ burasındadı ki, Filyonun iştirak etdiyi oyunların hamısında "Neftçi” məğlub olub. AZAL-la son dəqiqədə məhz onun səhvindən sonra rəqib penalti qazandı. "Qəbələ” ilə oyunun son dəqiqəsində cərimə zərbəsindən edilən ötürməni kənara çıxarmaq əvəzinə qapının qarşısına göndərdi və rəqibə qol vurmaq üçün imkan yaratdı. "Rəvan”la matçda da kobud mövqe səhvləri ilə yadda qaldı və tərəfinizdən əvəzləndi. Yəqin ki, fərqindəsiz? "Torba” məsələsinə oxşamır?
- Bütün oyunlarda Filyonu məcburiyyətdən meydana buraxmışıq. Əlbəttə, hər oyunu analiz edirik, kimin hansı səhvlər buraxdığını görürük. Filyonun da buraxdığı səhvlərdən xəbərimiz var. Amma bunu qəsdən etdiyini düşünmürəm. Səviyyəsi budu. Ümumiyyətlə, "torba tikmək” fikrini yaxınıma buraxmaq belə istəmirəm. Əgər rəhbərlik getməyimi istəyirdisə, daha nəyə görə istefa verəndə mənə etimad göstərdilər?


 - Bayaq məsuliyyəti üzərinə götürüb ən böyük səhvin özünüzdə olduğunu dediniz. Konkret misal çəkə bilərsiz? 
- Elə oyun olub ki, heyəti düzgün müəyyənləşdirməmişik. Düzgün əvəzetmələr etmədiyimiz, taktiki səhvlər buraxdığımız oyunlar da olub. Hər oyundan sonra buraxılan səhvlər üzərində işləyir, təkrarlamamağa çalışırıq. Heç kim həyata məşqçi kimi gəlməyib. Məşqçilik bir peşədi və püxtələşənə kimi səhv buraxmaq qaçılmazdı.

 

- Araz Abdullayevin yeri komandada görünür...
- Əlbəttə, Araz "Neftçi”nin aparıcı oyunçusudu. Onun zədələnməsi heç yerinə düşmədi. Araz istedadlı futbolçudu və oynadığı oyunlarda komandaya çox xeyir verib.


- "Rəvan”la oyundan sonra rəhbərliklə görüşünüz olub?
- Yox. Amma yəqin ki, olacaq.


- Əvvəlki istefa qərarını dəyişdiyinizə görə peşman olduğunu demişdiz. Hələ də peşmansız?
- Rəqibi aşağılamaq istəmirəm, amma "Rəvan” məğlub ediləsi komanda idi. "Sumqayıt”la oyundakı qələbədən sonra "Rəvan”ı da məğlub edib komandadakı ümumi atmosferi yüksəltmək olardı. Belə də futbolçularda da, elə bizdə də özünəinam hissi artacaqdı. Bu məğlubiyyət gözlənilməz oldu və heç yerinə düşmədi. Oyundan sonra mətbuat konfransında hirsli olduğum üçün belə demişdim. Amma ayıq başla fikirləşəndə də peşmanlıq hissi keçirirəm. Bilirsiz nəyə görə? "Neftçi” kimi komanda bu durumda olmamalıdı. Əgər bu vəziyyətə düşübsə, əsas günahkar baş məşqçi kimi mənəm. 


- Yaxınlarda "Pro” kateqoriyası almaq üçün Ukraynaya yollanacaqsız. Təşəbbüskar kimdi?
- Klub rəhbərliyidi. Azərbaycanda növbəti "Pro” kateqoriyası kursları 2017-ci ildə təşkil ediləcək. Rəhbərlik gözləməməyi məsləhət gördü və yaradılan şəraitə, dəstəyə görə minnətdarlığımı bildirirəm. Ukraynaya ayın 16-da gedəcəm. Orada kurslarda iştirak edəcəm. 2 il ərzində təcrübə artırmaq üçün əla şansdı. Noyabrın əvvəlində Kiyevdə kursu aparacaq məşqçilərlə ümumi söhbətimiz oldu. Söhbətdən uğurla keçdim. 


- Kimlər idi? Sizi tanıdılar?
- Əsas söz sahibi SSRİ dövründən tanınmış məşqçi Yozef Sabo idi. Yarım saata yaxın söhbət etdik. Hə, tanıdılar. Nə qədər olmasa da, vaxtilə Ukraynada oynamışam, yadlarında qalmışam.


- Sizin Ukraynaya gedişiniz komandanın hazırlığına təsirsiz ötüşməyəcək ki?
- Yaranmış fasilə özümüzə gəlmək, səhvləri analiz etmək üçün yerinə düşdü. Doğrudu, 7 futbolçumuz müxtəlif yaşlı yığmaların düşərgəsinə qoşulacaq. Üstəlik, bir neçə gün özüm də Bakıda olmayacam. Amma bunlara baxmayaraq, "Xəzər Lənkəran”la oyuna ciddi, tam gücümüzlə hazırlaşacağıq. Dekabra kimi çempionatda 6, kubokda isə 1 oyunumuz var. Bacardıqda yaxşı nəticələr qazanmağa borcluyuq ki, hazırkı durumdan çıxa bilək. Dekabrdan sonra isə heyət böyük ölçüdə yenilənəcək. Komanda mütləq gücləndirilməli, rəqabət artırılmalıdı. İndidən müxtəlif mövqelərə oyunçular axtarırıq. "Sumqayıt”la oyundan sonra bu barədə rəhbərliklə söhbətimiz oldu və seleksiyaçı-məşqçilərə lazımi tapşırıqlar verildi. Yanvardakı təlim-məşq toplanışına yeni transferlərlə başlamaq fikrindəyik. Bir neçə futbolçunun komandadan göndəriləcəyi də istisna deyil.


- Hansılar?
- İndidən ad çəkmək düzgün olmaz. Amma bir neçə futbolçu ilə vidalaşacağıq. Komandada daha çox hazır, istəkli, ideal formaya yaxın futbolçular saxlanılacaq.


- Ola bilərmi qış fasiləsinə kimi komandadan birinci özünüz göndərildiz? Söz-söhbət gəzir ki, sizin yerinizə məşqçi axtarırlar...
- Hər şey ola bilər. İstefaya göndərilsəm, bunu təbii qarşılayacam. Mənim yerimə kiminsə axtarılmasına gəlincə, əgər belə bir şey həqiqətən varsa, bu, normal haldı. Komanda yaxşı nəticə göstərmirsə, birinci günahkar baş məşqçidi, əsas məsuliyyət onun üzərinə düşür. Belə də istefaya göndəriləcəyim halda, kimsədən inciməyə haqqım yoxdu. 

 

- Futbolçuların maaşlarının ödənilməsində gecikmələr mövcuddü. Bu da onların oyununa təsirsiz ötüşməyə bilər...
- Maaşların 3-5 gün gecikməsini problem eləmək düzgün deyil. Bizdən fərqli, aylarla pul üzü görməyən komandalar var. İnanmıram ki, bu hal futbolçulara mənfi təsir göstərsin. 


- Sonuncu sualımız, bu heyətlə başqa məşqçi uğur qazana bilərmi?
- Çətin sual oldu. Çempionluğu demirəm...(fikrə gedir). "Qarabağ”la, "Qəbələ” ilə çempionluq yarışına girmək çətindi. Avropa Liqasına vəsiqə qazanmaq olar. Amma bütün hallarda heyətə yeni futbolçular cəlb olunmalıdı. Əgər rəhbərlik indən sonra da mənə etimad göstərərsə, birinci vəzifəmiz qış fasiləsinə kimi liderlər qrupu ilə aramızda olan xal fərqini azaltmaq olacaq. Qışda görülən işlərdən asılı olaraq isə ilk "dördlüy”ə düşmək mümkündü. 


"HET-TRİK NEWS” 

 

Xəbər lenti