12 İyul 16:00 Samir Əliyev: Sürpriz olacağına inanmıram
FUTBOL xəbərləri 12 İyul 16:00
1496 baxış

Samir Əliyev: Sürpriz olacağına inanmıram

Veteran futbolçu, “Neftçi” və “Səbail”in sabiq baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan üçün Avrokubok mövsümünə dünən start verildi və “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” üzərində (1:0) qələbə qazandı. Sanki bu nəticə heç kimə sürpriz olmadı...

- Matça baxa bilmədim. Amma eşitdiyimə görə, ağır oyun olub. “Qarabağ” Avropada öz səviyyəsini dəfələrlə sübut edib. Avropa Liqasının, Çempionlar Liqasının qrupunda iştirak etmələri bunu deməyə əsas verir. Yəqin ki, “Qarabağ” bu mərhələni keçər. Çünki səfərdən sərfəli nəticə ilə qayıdıb. “Qarabağ” hazırda elə səviyyədədi ki, 1-2 mərhələni keçməsi normal haldı. Yüz faizli heç nə yoxdu və heç kim əminliklə deyə bilməz ki, neçə mərhələ adlayacaq. Ancaq son illər Avropada göstərdikləri oyun ümid verir.

 

- “Qarabağ”ın yenidən Çempionlar Liqasının qrupuna düşmək perspektivini necə görürsünüz?

- Bu artıq püşkatmadan, düşəcək rəqiblərdən asılı olacaq. Üstəlik, Çempionlar Liqasında format da dəyişib. İnşallah, “Qarabağ” yenidən azarkeşləri sevindirər.

 

- Bu gün isə digər 3 klubumuz – “Qəbələ”, “Neftçi” və “Keşlə” Avropa Liqasında mübarizəyə başlayacaq. Bu komandalardan hansının daha çox irəliləyəcəyini düşünürsünüz?

- Hər üç klubumuza uğurlar arzulayıram. Özüm də “Neftçi”nin oyununa tribunadan baxacam. Avrokubokda ilk oyun çox önəmli olur. Hər 3 klubumuzun uğurlu start götürməsini arzulayıram.

 

- Həm “Qəbələ”, həm “Neftçi”, həm də “Keşlə” cütlüyün favoriti sayılır. Sizcə, hansının sürpriz etmək ehtimalı çoxdu?

- Sürpriz olacağına inanmıram. Hər birindən mərhələ adlamağı gözləyirəm. Nə qədər çox irəliləsələr, ölkə futbolu üçün bir o qədər yaxşıdı.

 

- Avrokubokla paralel Rusiyada keçirilən dünya çempionatı artıq başa çatmaq üzrədi. Dünənki yarımfinal matçında Xorvatiyanın İngiltərə üzərindəki qələbəsi gözlənilən idimi?

- Xorvatiyanın bu uğurunun əsas səbəbi, məncə, oturuşmuş heyətinin olması, oyunçuların neçə ildi bir yerdə çıxış etməsidi. Üstəlik, futbolçuları Avropanın böyük klublarında oynayırlar. Kənardan mehriban kollektiv təsiri bağışlayırlar. Modriç, Rakitiç, Mandzukiç və digərləri bir-birilərini çox yaxşı tanıyırlar. İngiltərə yığması isə gənc oyunçulardan qurulub. İndi futbolda stabil heyətin olması böyük önəm kəsb edir.

 

- Yarımfinal mərhələsinin digər cütlüyündə isə Fransa Belçikaya (1:0) qalib gəldi. Halbuki çoxları Belçikanı finalda görürdü...

- Fransa həmişə favoritlər sırasında olub. Heyətində yer alan futbolçuların adları bəs edir.

 

- Xorvatiya – Fransa finalı gözlənilən idi?

- Məncə, sürpriz final oldu, heç kim bunu gözləmirdi. Çünki hamı Almaniya, Argentina, Braziliyadan uğur gözləyirdi. Builki dünya çempionatı sürprizlərlə zəngin oldu. Kim deyərdi ki, Almaniya qrupda qalacaq, Argentina erkən büdrəyəcək və ya İspaniya 1/8 finalda Rusiyaya uduzacaq? Futbolun gözəlliyi də bu sürprizlərdi.

 

- Finalda hansı komandaya azarkeşlik edəcəksiniz və proqnozunuz nədi?

- Fikrimcə, Fransa qalib gələcək. Düzdü, mənim azarkeşlik etdiyim komanda yoxdu. Amma Xorvatiyanın qələbə qazanmasını istərdim. Çünki üç gündən bir 120 dəqiqə oyun keçirib finala qədər irəliləmək çox çətindi. Bu qədər əziyyət çəkiblər, çempionluğa layiqdilər.

 

Ruslan SADIQOV

Xəbər lenti