10 Noyabr 10:23 Samir Zərgərov: “Qəbələ” heç bir klubdan zəif deyil - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 Noyabr 10:23
5388 baxış

Samir Zərgərov: “Qəbələ” heç bir klubdan zəif deyil - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Samir Zərgərovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XII turunda “İnter”lə (1:1) bərabərə qaldınız. Qələbə qazanmağa sizə nə mane oldu?

- Həm “İnter”lə, həm də ondan öncəki komandalarla matçlarda üstün oynayan tərəf olmuşuq. Bu dəfə imkanımız yarandı, qol da vurduq. Ən pisi o oldu ki, bu görüşdə həm də qol buraxdıq. Çalışmalıyıq çox qol vuraq. Çünki 1 topla qələbə qazanmaq çətin olur.

 

- Özünüz də ön xətt oyunçularındansınız. Qol vura bilməməyiniz nədən qaynaqlanır?

- Düzdü, neçə oyundu az qol vururuq. Məşqlərdə də bunun üzərində işləyirik. Yəqin ki, yavaş-yavaş bu problemi aradan qaldıracağıq.

 

- Avropa Liqasında çıxış etməyinizin çempionat oyunlarına təsiri olurmu?

- Mən bu cür düşünmürəm. Avrokubokdakı çıxışın çempionat matçlarına mənfi təsiri olmur. Düzdü, az da olsa, yorğunluq olur. Amma bu da səbəb deyil. Məsələ burasındadı ki, Qəbələyə gələndə rəqiblər sıx futbol oynayırlar. Demək olar ki, hər oyunu təkqapıya keçiririk. Müdafiədə oturan komandalara qol vurmaq da çətin olur.

 

- “Qarabağ” da oyunlarının əksəriyyətini üstün keçirir, sizdən fərqli olaraq, qələbə qazanır. Belə çıxır ki, siz “Qarabağ”dan zəifsiniz?

- Zəif deməzdim. Azərbaycanda heç bir komandadan zəif deyilik. Sadəcə, qol imkanlarından maksimum yararlana bilmirik. Elə “İnter”lə görüşdə də kifayət qədər şanslarımız yarandı. Onların birində dəqiq oynasaydıq, indi qələbədən danışardıq.

 

- Baş məşqçiniz Roman Qriqorçukun adı Ukrayna yığması ilə birgə hallandıqdan sonra uğurlu nəticələr qazana bilmirsiniz...

- Bunun bir təsiri yoxdu. Bu xəbərləri biz də mətbuatdan oxuyuruq. Ancaq klub daxilində belə bir söz-söhbət yoxdu. Futbolçular arasında da heç kim bu barədə nəsə danışmır.

 

- Topaz Premyer Liqasında artıq 4 oyundu ki, qələbə qazana bilmirsiniz. Çempionluğa iddia edən bir komanda üçün bu, ciddi problem deyil?

- Düzdü, “Qarabağ”dan artıq çox geri düşdük. Amma çempionat uzundu, qarşıda çox oyunlar var. Bunu aradan qaldırmağa vaxtımız olacaq.

 

- Razılaşın ki, “Qarabağ” kimi rəqiblə 7 xallıq fərqi aradan qaldırmaq heç də asan olmayacaq...

- Razıyam, çətin olacaq. Biz xüsusən də ev oyunlarında ciddi xallar itirdik. 7 xal böyük fərqdi. Əlimizdən gələni edəcəyik ki, mövsümün gedişində bu fərq qapansın.

 

- Avropa Liqasındakı uğursuz çıxış bəlkə legionerləri həvəsdən salıb, onlar var gücləri ilə oynamırlar?..

- “Qəbələ” peşəkar futbolçulardan qurulan komandadı. İnanmıram ki, hansısa futbolçu bu cür düşünsün.

 

- Çempionluq şansınızı necə görürsünüz?

- Çempionluq barədə danışmaq hələ çox tezdi. Çünki qarşıda bizi uzun marafon gözləyir.

Xəbər lenti