3 Avqust 10:53 “Seltik” Bakıda müdafiə futbolu oynayacaq
FUTBOL xəbərləri 3 Avqust 10:53
5832 baxış

“Seltik” Bakıda müdafiə futbolu oynayacaq

“Seltik”in qol “silahı” Leyq Qriffits “Qarabağ”la oyunu buraxa bilər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıya səfər edəcək Şotlandiya klubunun forvardı zədədən əziyyət çəkir.

 

Şotlandiya Premyer Liqasının I turunda “Ross Kaunti” (2:0) ilə qarşılaşmanın 19-cu dəqiqəsində zədələnərək əvəzlənən 25 yaşlı forvardın problemi bununla bitmir. Şotlandiya millisinin üzvü həm də diş ağrısından əziyyət çəkir və hazırda müalicə alır.

 

Şotlandiya mətbuatında yer alan informasiyaya görə, baş məşqçi Ronni Deyla “Qarabağ”la qarşılaşmada 4-5-1 taktiki sxemindən yararlanacaq. Şotlandlar “Seltik”in meydançaya iki dayaq yarımmüdafiəçisi ilə çıxacağını iddia ediblər ki, bu da rəqibin müdafiəyəmeyilli oyuna üstünlük verəcəyi anlamına gəlir.

 

Yerli KİV Qriffitsin yoxluğunu “Seltik” üçün problem saymır. Çünki baş məşqçi yeni transfer Nadir Çiftçiyə də ən az Qriffits qədər güvənir. “Seltik Park”dakı matçda da Çiftçinin start heyətində meydançaya çıxması bundan xəbər verir. Deyla Bakıda tək hücumçu kimi məhz türkiyəli futbolçunu oynatmağı düşünür.

 

Leyq Qriffits isə zədədən dönən kimi əsas heyətdəki yerini qaytaracağına inanır. O, yerli mətbuata açıqlamasında Çiftçi ilə rəqabətindən danışıb: “Mən ötən mövsümün qış fasiləsində “Seltik”ə keçsəm də, yekunda komandanın bombardiri oldum. Düzdü, Messi və ya Ronaldo deyilsənsə, əvəzedilməz də deyilsən. Ancaq düşünürəm ki, bu komandaya xeyir verəcək gücdəyəm. Nadir Çiftçi də güclü hücumçudu, bizi maraqlı rəqabət gözləyir. Formamı bərpa etmək üçün hər gün daha çox çalışıram. İnanıram ki, tezliklə yenidən əsas heyətdə çıxış edəcəm və qollarımı sıralamaqda davam edəcəm”.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Şotlandiyada baş tutan ilk görüşdə meydan sahibləri minimal hesablı (1:0) qələbə qazanıb.

Xəbər lenti