9 Oktyabr 13:53 Sensasiya olsa...
FUTBOL xəbərləri 9 Oktyabr 13:53
5854 baxış

Sensasiya olsa...

Sabah AVRO-2016-nın seçmə mərhələsində İtaliya ilə keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 217-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız 23 il ərzində 216 matçda qüvvəsini sınayıb.

 

AVRO-2016-nın seçmə mərhələsinin sonuncu ev oyununadək 39 qələbə qazanan yığmamız 59 dəfə heç-heçə ilə kifayətlənib. Bu isə o deməkdi ki, əgər sabah sensasiya olsa, yəni millimiz 4 qat dünya çempionlarına uduzmasa, yubiley qeyd edəcək. 40-cı qələbə və ya 60-cı heç-heçəni gerçəkləşdirmək arzusunda olan millimiz 118 dəfə meydanı başıaşağı tərk edib. Komandamız bu görüşlərdə 153 dəfə rəqib qapısına yol tapıb. Bu oyunlarda qapıçılarımız 369 topun buraxılmasına üzülüb.


2015-ci ildə 6-cı qarşılaşmaya çıxacaq komandamız son 5 oyunda qələbə qazana bilməyib. Eyni zamanda da son 3 qarşılaşmada uduzmayan millimizin heç-heçə seriyası 3-ə bərabərdi. Martın 28-də evdə Maltaya 2:0 hesabı ilə qalib gələn yığmamız iyunun 7-də Serbiya ilə neytral meydandakı yoxlama oyununda 1:4 hesabı ilə uduzub. İyunun 12-də Norveçlə səfərdə, sentyabrın 3-də Xorvatiya ilə evdə baş tutan seçmə oyununda isə qolsuz heç-heçə qeydə alınıb. Ötən ayın 6-da Malta səfərində də (2:2) komandamızın qazancı 1 xal olub.

 

Bu matç həm də millinin baş məşqçisi Robert Prosineçki üçün 6-cı sınaqdı. Postunda 2015-ci ildə debüt edən xorvatiyalı mütəxəssis 1 qələbə , 3 heç-heçə və 1 məğlubiyyətə şahid olub. Komandamız həmin görüşlərdə 5 qol vurub, 6-nı buraxıb. Seçmə mərhələdə Prosineçki ilə 4 matç keçirən millimiz 4 qol vurub və 2-ni buraxıb. Bu matçlarda uduzmayan yığmamızın hesabında 1 qələbə və 3 heç-heçə var.

 

Komandamız seçmə mərhələlərdə ümumilikdə 107-ci oyuna çıxacaq. Bunadək 106 belə matç keçirən millimiz 10 qələbə qazanıb, 22 heç-heçə edib, 74 dəfə uduzub. Seçmə oyunlarda 54 qol vuran futbolçularımız 227 top buraxıb.

 

Avropa çempionatlarının 58 seçmə oyununda isə yığmamızın hesabında 6 qələbə, 9 heç-heçə və 43 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədi – 35:142.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

 

Xəbər lenti