28 Aprel 14:55 Slavço Georgiyevski: “İnter”in baş məşqçisi ola bilərəm - MÜSAHİBƏ
FUTBOL xəbərləri 28 Aprel 14:55
2707 baxış

Slavço Georgiyevski: “İnter”in baş məşqçisi ola bilərəm - MÜSAHİBƏ

“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevskinin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXII turunda “İnter”i “Simurq”la oyun gözləyir. Meydandan qələbə ilə ayrıla biləcəksizmi?

- Bizim üçün vacib oyundu. İkinci pillədə möhkəmlənmək mənasında, qələbə bizim üçün çox önəmlidi. Düzdü, çempionluq şansımız da qalır. Amma reallıqda çempion olmağımız çətin görünür. Əsas odu ki, bizi izləyən komandaların çatmasına imkan verməyək.

 

- Əsas heyətə düşməkdə çətinlik çəkirsiz. Bunu nə ilə izah edərdiniz?

- Komandanın işləri yaxşı gedir. Kimlərin oynamasına baş məşqçi qərar verir. Əgər əsas heyətə düşə bilmirəmsə, deməli, məşqlərdə daha çox çalışmalıyam.

 

- “İnter”də 2 aydı maaşlar verilmir. Mövcud vəziyyətlə bağlı nə deyə bilərsiz?

- Düzdü, son aylarda maaşlarımızı ala bilməmişik. Amma bu, klubun öz daxili məsələsidi. Həmişə maaşa görə oynamalı deyilsən ki. Biz komandaya, özümüzə görə oynayırıq. Sonrası necə olacaq, onu zaman göstərəcək. Mən belə məsələləri gündəmə gətirməyi xoşlamıram. Bu, rəhbərliyin işidi. Bizim işimiz isə futbol oynamaq, belə şeylərə baş qoşmamaqdı.

 

- Bir ara xəbər yayılmışdı ki, “İnter”in yeni baş məşqçisi siz olacaqsız...

- Yox, yox (gülür). Doğru məlumat deyil. Sadəcə, Kaxaber Sxadadze mənə şans verir ki, onun yanında yavaş-yavaş məşqçiliyi öyrənim. “İnter”in baş məşqçisi olmağı özüm də istəmərəm. Çünki bu işin öhdəsindən gələ bilmərəm, hələ hazır deyiləm. İstərdim ki, əvvəlcə məşqçilər korpusunda yer alım, köməkçi-məşqçi kimi fəaliyyət göstərim. İndiki məqamda baş məşqçilik mümkün deyil. Bu, sadəcə şayiədi. Bəlkə də, köməkçi-məşqçi olmaq istəməyim kimlərinsə xoşuma gəlmir.

 

- Klubun prezidenti Georgi Nikolov demişdi ki, indi yox, qarşıdakı illərdə “İnter”in baş məşqçisi təyin oluna bilərsiz...

- Bəli, gələcəkdə ola bilər. Mənim məşqçilik lisenziyam var. Bundan əlavə, özüm də məşqçilik etmək istəyirəm. Sadəcə, baş məşqçi olmaq hələ mənim üçün tezdi. Çünki təcrübəm yoxdu. Düzdü, futbolçu kimi təcrübəm var, müəyyən şeyləri bilirəm. Məşqçi kimi isə futbolun sirlərini hələ öyrənməliyəm. İndi özümə əmin deyiləm, təhsilimi artırmalıyam. “İnter”də çox güclü məşqçilər korpusu var. Şadam ki, onlardan görüb-götürmək şansı əldə etmişəm.

 

- Belə başa düşdüm ki, yaxın gələcəkdə “İnter”in baş məşqçisi olmaq istərdiniz...

- Bəli, istərdim. “İnter”in baş məşqçisi ola bilərəm. Amma 4-5 ildən sonra. İlk növbədə, təhsilimi artırmalı, işin incəliklərini öyrənməliyəm. Çünki məşqçilik çox çətin peşədi.

 

- 4-5 ildən sonra da “İnter”in yaşayacağına inamınız varmı?

- Əlbəttə ki, var. Azərbaycan stabil ölkə olduğu kimi, futbolu da stabildi. Sadəcə, indi kiçik problemlər yaranıb.

 

- “İnter”in üzləşdiyi maliyyə problemini nəzərdə tutduğum üçün o sualı verdim...

- Hər bir problemi həll etmək mümkündü. İtaliyaya fikir verin. “Parma” kimi əzəli klubun da problemi var. Bəyəm bizim kiçik problemimiz ola bilməz? Azərbaycanda böyük işlər görülür. Ölkəniz Avropa Oyunlarına ev sahibliyi edəcək, idmana investisiya qoyulur. Sadəcə, səbr edib, gözləməliyik. “İnter” rəhbərliyinin bizə etdiyi yaxşılıqları unutmamalıyıq. Maaşlar bir az gecikən kimi onu problemə çevirmək lazım deyil. Axı bu, problem deyil.

 

- “İnter”in növbəti mövsümdən ambisiyalı komanda olmayacağı deyilir. Bu, futbolçuları narahat edirmi?

- Futbolçulardan biri kimi tam səmimi deyirəm ki, heç kim narahat deyil. Əgər narahatlıq hissi keçirsəydik, yaxşı nəticə göstərməzdik, qələbələr qazanmazdıq. Biz hər oyuna qalibiyyət üçün çıxırıq. Komandanın mentalileti belə olaraq, qalmalıdı. “İnter” həmişə yüksək səviyyəli komanda olacaq.

 

- “İnter”in yeni baş məşqçisi postuna namizədlərin sırasında “Simurq”un çalışdırıcısı Georgi Çixradzenin də adı var...

- Onunla işləmək istərdim. Çixradze vaxtilə Kaxanın yanında işləyib. Əgər onu baş məşqçi qoysalar, “İnter” daha yüksək səviyyəyə qalxacaq. Buna şübhəm yoxdu. Amma yeni baş məşqçinin kim olacağını hələ bilmirik. Əsas odu ki, komanda bu səviyyədə qalsın.

 

- Yenə mövsümü ikinci pillədə başa vurmağa yaxınsız. Son illərdə çempion olmağınıza nə mane olur?

- Çempion olmaq istəyirsənsə, ilk növbədə, son çempiona qalib gəlməlisən. Biz ötən mövsüm “Neftçi”yə qalib gələ bilmədik. Buna görə də, arzumuz həyata keçmədi. Bu mövsüm isə “Qarabağ”la 3 dəfə heç-heçə oynadıq. Bütün komandalar üzərində qələbə qazandıq, yalnız “Qarabağ”dan başqa. Əgər “Qarabağ”dan lazım olan xalları ala bilsəydik, indi birinci pillədə biz idik. Əsas odu ki, “İnter” hər mövsüm eyni səviyyədə çıxış edir.

 

Tengiz MƏMMƏDOV

  

Xəbər lenti