24 İyul 15:20 “Son saniyələrə qədər ümidimizi üzməmişdik” – İqor Matiç
FUTBOL xəbərləri 24 İyul 15:20
839 baxış

“Son saniyələrə qədər ümidimizi üzməmişdik” – İqor Matiç

“Oyun bizim üçün yaxşı keçmədi. Buna görə də məyusam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Çukariçki”nin kapitanı İqor Matiç deyib.

 

Oyuna sonradan daxil olan kapitan matçın gedişində qapıçı ilə üzbəüz qalsa da, şansını boşa verdi. Həmin epizoda görə üzüldüyünü bildirən təcrübəli futbolçu “Qəbələ”nin güclü rəqib olduğunu da vurğulayıb: “Futbolda belə epizodlar da olur. Fərqlənməyə borcu olduğum anda qapını dəqiq nişan ala bilmədim. Həm də etiraf etməliyik ki, “Qəbələ” güclü rəqibdi. Bu komanda yaxşı futbolçulardan qurulub. Əksər oyunçuları fərdi bacarığına və təcrübəsinə görə çox fərqlənir. Elə qələbəni də bu amillərin hesabına qazandılar”.

 

34 yaşlı yarımmüdafiəçi 0:2 hesabı ilə uduzacaqlarını gözləmədiyini də deyib: “Belqraddakı oyunla müqayisədə bu dəfə “Qəbələ” çox yaxşı oynadı. Öz meydanımızda oynayan zaman onlara imkan vermirdik. Burda isə bunu bacarmadıq. Buna görə də, hesab bu cür alındı. Belə olacağını gözləmirdik. Hətta son saniyələrə qədər ümidimizi üzməmişdik. Fikirləşirdik ki, 1 qol vuracağıq. Bunu etsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Kifayət qədər şansımız da oldu. Artıq hər şey bitdi və çempionata hazırlaşmalıyıq”.

 

Matiç söhbət əsnasında “Qəbələ”nin zəif tərəfləri haqda da danışıb: “Fiziki baxımdan “Qəbələ” bizdən güclü deyildi. Müəyyən problemləri var idi. Ötürmələrdə də tez-tez səhvlərə yol verirdilər”.  

Xəbər lenti