10 Avqust 10:26 Tadas Simiatis: Gözləmədiyim səviyyə ilə qarşılaşdım - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 Avqust 10:26
3597 baxış

Tadas Simiatis: Gözləmədiyim səviyyə ilə qarşılaşdım - MÜSAHİBƏ

İki illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz” mövsümə 1 xalla start verib. Paytaxtda “Neftçi”nin qonağı olan Gəncə təmsilçisi əzəli rəqibi ilə (0:0) xalları yarı bölüb. İlk dəfə çempionatımızda debüt edən “Kəpəz”in qapıçısı Tadas Simiatis görüşlə bağlı apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- İlk dəfə çempionatımızda çıxış etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Gözləmədiyim bir səviyyə ilə qarşılaşdım. Debüt etdiyim oyunun səviyyəsi məni razı saldı. Çempionatın açılış matçı olmasına baxmayaraq, futbolçular mübarizə apardı, hətta kobud oynamaqdan belə çəkinmədilər. Hakim də görüşün yaxşı keçməsinə yardım etdi. Hər xırda şeyə görə fitini səsləndirmədi.

 

- Yeni komandanız və baş məşqçiniz haqda nə deyə bilərsiniz? Gəncə şəhər stadionunu görmüsünüzmü?

- Komandamız çox istəklidi. Hamımız qələbə qazanmaq istəyirik. Baş məşqçimiz də bizdən bunu tələb edir. Təbii ki, meydançada olduğumuz müddətdə bunu reallaşdırmaq üçün əlimizdən gələni edirik. Azarkeşlərimizə gəldikdə, bu haqda artıq məlumatım var. Gəncədə futbolu çox sevdiklərini deyirlər. Stadionun şəklini görmüşəm. Gələn həftə doğma meydançada oynayacağıq. Hər şeyi canlı görəcəyik.

 

- “Neftçi” ölkəmizin ən köklü klubudu. Bu komanda sizdə hansı təəssürat yaratdı?

- Mövsümün ilk oyunudu. Heç kim istədiyini tam şəkildə göstərə bilmir. Meydançada gərginlik də oldu. Sadəcə, ilk görüş olduğuna görə, hələ heç kim potensialını tam şəkildə ortaya qoya bilmir.

 

- Şəhriyar Əliyevin qırmızı vərəqə alması oyununuza nə dərəcədə təsir etdi?

- Əvvəla deyim ki, müdafiəçilərin oyunu baş məşqçini razı salmalıdı. Çünki 20 dəqiqə azlıqda qalsaq da, qol buraxmadıq. Şəhriyar da çox istəkli idi. Görünür, bu amil onun əleyhinə işlədi. O, qırmızı vərəqəni bilərəkdən almadı. Azad Kərimov da yaxşı futbolçudu. Meydançaya sonradan daxil olsa da, inamlı təsir bağışladı.

 

- Ölkəmiz haqda necə, məlumata sahib idiniz?

- Klublarınızda litvalı futbolçular çıxış edib. Onlardan müəyyən məlumatlar almışdım. Hamısı xoş sözlər deyib. “Kəpəz” haqda konkret məlumat verilməsə də, güclü azarkeş ordusunun olduğunu eşitmişəm. Ev oyununa Bakıdakı matçdan daha çox azarkeş gələcəyinə inanıram. Həm də futbolunuzun inkişafda olduğunu bilirəm. Yeni stadionlar, güclü legionerlərin gəlişi buna işarədi.

Xəbər lenti