10 İyul 17:55 Toni Adams: Bu yolda mümkün qədər çox addımlamalıyıq - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 İyul 17:55
4771 baxış

Toni Adams: Bu yolda mümkün qədər çox addımlamalıyıq - MÜSAHİBƏ

“Qəbələ” klubunun futbol direktoru Toni Adams Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Qəbələ” – “Dinamo” (2:0) oyunundan sonra apasport.az saytının suallarını cavablandırıb.

 

- Təbrik edirik, “Qəbələ” tarixində ilk dəfə mərhələ adladı. Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Təbii ki, qazanılan nəticəyə görə şadıq. Sevinirik ki, komandamız bu gün həm qələbə qazandı, həm də Avropa Liqasının II mərhələsinə yüksəldi. Əslində, qələbə qazanacağımıza çoxları inanırdı. Biz də həmin inamı doğrultduq. Cavab oyununda sona yaxın 2 top vurmaqla məsələni həll etdik. Tiflisdəki oyun çox çətin keçmişdi. Cavidin ilk matçda vurduğu qol Qəbələdəki görüşdə bizə çox kömək elədi. Şansımızı bir yerdə dəyişdirdik, birgə mərhələ adladıq.

 

- Amma çox gec vuruldu. Bunun səbəbi nə idi: rəqib müdafiədə inamlı oynayırdı, yoxsa hücumçular işlərinin öhdəsindən gələ bilmirdilər?

- Oyun tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Topa sahib olan tərəf də biz idik, hücumlar quran da. Rəqib isə müdafiədə diqqətli oynayırdı. Onlar meydançada azlıqda qaldıqdan sonra bizim üçün əlavə şans yarandı. Vurduğumuz qollar isə sadəcə, fantastika idi.

 

- Kimi oyunun qəhrəmanı hesab edirsiniz?

- Futbolçuların hamısı yaxşı oyun nümayiş etdirdi. Kimlərinsə adını çəkib, ayrıseçkilik etmək istəmirəm. Hamısı yaxşı oynadı. Meydançada mübarizə apardılar, sona qədər “vuruşdular”. Qolların sonda vurulması da bu mübarizənin nəticəsidi. Biz bunu onlardan gözləyirdik.

 

- Azarkeşlər daha çox Cavid Hüseynova inanırdılar...

- Hamısı yaxşı oynadı. Biz, həqiqətən də, komanda gücü gördük. Hər kəs qələbə məqsədi ətrafında birləşmişdi. Belədə kiminsə adını çəkməyim düzgün olmaz.

 

- Növbəti mərhələdə Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşacaqsınız. Bu cütdən nə gözləyirsiniz?

- Bu, bizim üçün yeni bir mərhələdi. Yenə çətin bir sınaq olacaq. Baxacağıq, izləyəcəyik. Təbii ki, bu yolda mümkün qədər çox addımlamalıyıq.

 

- Oyunu izlədiniz. Komandada hansı problemləri gördünüz?

- Bu, baş məşqçinin işidi. Məncə, mərkəz hücumçusuna ehtiyac var.