10 İyul 12:25 “Top sanki sehirlənmişdi” - Sergey Zenyov
FUTBOL xəbərləri 10 İyul 12:25
6293 baxış

“Top sanki sehirlənmişdi” - Sergey Zenyov

“Oyunun çətin keçəcəyini əvvəldən bilirdik. Çünki səfərdə uduzduğumuz üçün qələbə qazanmalı idik”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin yeni transferlərindən olan Sergey Zenyov deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo” (Tiflis) ilə qarşılaşan “Qəbələ” ilk oyunda (1:2) məğlub olmasına baxmayaraq, cavab görüşündə qələbə qazanaraq (2:0) II mərhələyə vəsiqə əldə edib. Doğma meydanda 2 qol vuran “qırmızı-qaralar” qitəmiqyaslı yarışda azarkeşlərinə ilk dəfə qələbə sevinci yaşadıb. Qolların gec vurulması isə həyəcanı birə beş artırıb.

 

Zenyov meydançada olduqları müddətdə ümidlərini itirmədiklərini qeyd edib: “Vacib məqam odu ki, biz məğlubiyyətlə barışmamışdıq. Qələbə qazanacağımıza inanırdıq və buna görə də sona qədər mübarizə apardıq. Top sanki sehirlənmişdi. Xüsusilə də, ikinci hissədə bu qədər qol epizodu qaçırmaq inanılmazdı. Hesabı daha əvvəl də aça bilərdik”.

 

Estoniyalı hücumçu dünənki görüşü Tiflisdəki oyunla da müqayisə aparıb. O, bu dəfə daha yaxşı oynadıqlarını vurğulayıb: “ 90 dəqiqə mübarizə apardıq. Onları sanki “boğmuşduq”. Bəli, Tiflisdəki görüşlə müqayisədə bu dəfə daha yaxşı oynadıq. Nəticədə qələbə qazandıq. Çünki özümüzə güvənirdik. Bu inam da sonra bizə lazım olan nəticəni qazandırdı”.