29 Oktyabr 16:06 “Tutaq ki, 2 min nəfər stadiona məcburən gətirilib, bəs qalanları?” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 29 Oktyabr 16:06
5852 baxış

“Tutaq ki, 2 min nəfər stadiona məcburən gətirilib, bəs qalanları?” - MÜSAHİBƏ

“Kəpəz”in icraçı-direktoru Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

 

- Klublar Komitəsinin bu günkü iclasında müzakirə olunan məsələlərdən biri klublarda qadınlardan ibarət komandaların yaradılması məsələsi oldu. Hazırda sizdə qadın komandaları yoxdu. Yəqin ki, bununla bağlı iş aparılacaq...

- Bəli, iclasda əsas məsələ klublarda qadın komandalarının yaradılması oldu. Bizdə hələlik yoxdu. Bu haqda fikirləşib, qərar qəbul edəcəyik.

 

- “Kəpəz” ölkə çempionatında 10 turdan sonra 5-ci pillədə qərarlaşıb. Komandanın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiz?

- Çempionata qayıtdıqdan sonra birinci ilimizə görə normal qiymətləndirirəm. Dünən “Zirə” ilə matça qələbə üçün çıxmışdı, amma 1 xalla kifayətləndik. Düzdü, “Zirə” də zəif komanda deyil. Gəncədə olduğu kimi, Bakıda da onlarla heç-heçə oynadıq. Biz baş məşqçi Şahin Diniyevin işindən tam razıyıq. Hər şey yüksək səviyyədədi.

 

- Şahin Diniyevin bu yaxınlarda komandadakı maddi vəziyyətlə bağlı verdiyi açıqlama rezonans doğurdu. Təcrübəli məşqçi qələbəyə görə verilən 10 min məbləğində mükafatın 53 nəfər arasında bölüşdürüləcəyini bildirmişdi. Belə başa düşmək olar ki, “Kəpəz”in də maliyyə problemi var...

- Bizim futbolçular maaşlarını vaxtında alırlar. Yalnız oktyabrın məvacibi qalıb ki, onu da sabah, uzağı birisigün alacaqlar. Bunu da maddi problem hesab etmək olmaz. Çünki oktyabr hələ bitməyib. 10 min manat mükafat da artıq futbolçu və məşqçilərə verilib.

 

- Diniyev, həmçinin komandanın gah Bakıda, gah Yevlaxda, gah da Gəncədə toplaşmasını əsas gətirərək, əlavə yorğunluğun yaranmasından narazılıq etmişdi...

- Hələ ki, Gəncədəki meydana oyundan-oyuna çıxırıq. Yevlaxda əvəzedici heyət hazırlaşır, oynayır. Allah qoysa, stadionla bağlı məsələ də həll olunacaq. Gəncədəki stadionun qazonunun vəziyyəti tam yaxşı deyil. Bu baxımdan problem olur deyə, müxtəlif yerlərdə toplaşmalı oluruq. Əgər məşqləri də Gəncədə etsək, oyunlar zamanı meydançanın vəziyyəti daha da pisləşə bilər. Buna görə məcburiyyət qarşısında qalıb, orda-burda yığışırıq. Bilirsiz ki, Gəncə futbol şəhəridi, orda azarkeşlər futbolla yaşayırlar. Görürsüz ki, nə qədər azarkeş futbola gəlir. Biz də fikirləşirik ki, nə olursa-olsun, oyunlarımızı Gəncədə keçirək. Azarkeşsiz futbol futbol deyil. Söz-söhbətlər çıxıb ki, guya Gəncədəki oyuna qadınları və yaxud kimlərisə zorla gətirirlər. İnanın, bunlar boş söhbətlərdi. Gəncədə futbolu sevirlər. Tutaq ki, 1000-2000 nəfər stadiona məcburən gətirilib, bəs qalanları? Belə bir məsəl var ki, yalan ayaq tutar, yeriməz.

 

- Yanvarda transferlər olacaqmı?

- Buna baş məşqçi qərar verir. Biz onun işinə müdaxilə edə bilmərik. Əgər Şahin müəllim məsləhət bilsə, transferlər olacaq. Hərə öz işinə cavabdehdi.

 

- “Kəpəz” hazırkı potensialla mövsümü neçənci yerdə bitirə bilər?

- Çempionat başlayanda məqsədimiz “6-lığ”a düşmək idi. Amma gedişat onu göstərir ki, artığını da etmək olar. Biz Şahin müəllimə çox inanırıq. Amma futbolda hər cür nəticə olur. Azərbaycan çempionatında da axır vaxtlar sürpriz nəticələr çox qeydə alınır. “Sumqayıt” komandasına böyük hörmətim var, ancaq onlar “Qarabağ”a qalib gəldilər. AZAL mövsümə zəif başlasa da, indi xallarını götürür. Deməli, öncədən nəsə demək çətindi.

 

 

Xəbər lenti