29 İyul 16:25 Ulduzları qabaqladı, Azərbaycana gəldi!
FUTBOL xəbərləri 29 İyul 16:25
5366 baxış

Ulduzları qabaqladı, Azərbaycana gəldi!

Yeni mövsümdə iddialı olacaq “Azərreyl” daha bir perspektivli voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, transfer bazarının ən fəallarından olan “dəmiryolçular” Puerto-Rika millisinin hücumçusu Stefanye Enraytın transferini rəsmiləşdiriblər.

 

25 yaşlı 4-cü zona oyunçusu ilə 1 illik müqavilə imzalanıb. 182 sm boya malik Enrayt son mövsümdə ölkəsinin çempionu olan “Kriollas de Kaquas” klubundan transfer edilib.

 

Puerto-Rikada və dünyada yaxın illərin ulduz voleybolçusu kimi dəyərləndirilən Stefanye Azərbaycana gəlincə, Yaponiyada legioner həyatı yaşayıb. O, 2014/2015 mövsümündə “Toray”ın şərəfini qoruyub.

 

“Kriollas de Kaquas”ın yetirməsi olan və ölkəsində yalnız bu klubun şərəfini qoruyan Enrayt 2015-ci ildən öncə 2010/2011 və 2013/2014 mövsümündə də Puerto-Rika çempionatının qızıl medalını qazanıb. O, həmçinin bu yarışda gələcəyin ulduzu nominasiyasının qalibi adına layiq görülüb və final mərhələsinin ən dəyərli oyunçusu seçilib.

 

19 yaşından Puerto-Rikanın əsas yığmasına çağırılan Enrayt bu komandada hələlik 43 oyuna çıxıb. O, millinin heyətində debütdəcə fərqlənib. Stefanye 2009-cu ildə Şimali Amerika çempionatının gümüş, 4 il sonra bürünc medalını qazanıb. Onun hesabında Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələri çempionatının da 2 gümüş (2010, 2014) mükafatı var.

 

Enrayt yenicə başa çatan Panamerika Oyunlarında da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 3-cü yer uğrunda Dominikan Respublikasının yığmasına 1:3 hesabı ilə uduzan hücumçu statistik göstəricilərdə bir çox ulduzları qabaqlayıb. Bombardirlər siyahısında 82 xalla 6-cı yeri tutan voleybolçu topu oyuna ən yaxşı daxil edənlərin siyahısında 5-ci olub. O, həmçinin top qəbulunda da cəmi 5 rəqibindən geri qalıb.

 

Qeyd edək ki, “Azərreyl” softbol və basketbol həvəskarı olan Stefanyedən öncə Nutsara Tomkom, Vanna Buakeva (Tailand), Cessika Cons, Madison Kinqdon, Hali Ekerman (ABŞ) və Fatu Diukla (Seneqal) müqavilə bağlayıb. Həmçinin, ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova da komandada qalacaq.

Xəbər lenti