30 Oktyabr 10:17 Vernidub Qriqorçuka rəqib oldu
FUTBOL xəbərləri 30 Oktyabr 10:17
853 baxış

Vernidub Qriqorçuka rəqib oldu

Ukrayna mətbuatı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdan əl çəkmir. Apasport.az saytının məlumatına görə, hazırkı baş məşqçi Mixail Fomenkonun yerinə ən real namizədlərdən biri kimi hələ də Qriqorçuk göstərilir.

 

Ukrayna millisi AVRO-2016-nın pley-off mərhələsində Sloveniya səddini aşa bilməsə, Fomenko vəzifəsindən uzaqlaşdırılacaq. Yeni baş məşqçinin kimliyi ilə bağlı araşdırma aparan Rusiyanın “soccer365.ru” saytı 4 mütəxəssisin bu posta namizəd olduğunu qeyd edib. Bunlar arasında “Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun atası Yuri Vernidub da var. Hazırda “Zarya”nın “sükanı arxası”nda olan Vernidubla yanaşı, Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Rebrov və “Verder”in çalışdırıcısı Viktor Skripnik də “Qəbələ”nin baş məşqçisinə rəqib göstərilir.

 

Rusiyalı həmkarlarımız bu mütəxəssislərin Ukrayna millisinə keçmək şanslarını araşdırıblar. Qriqorçuk bu sıralamada 3-cü göstərilir. Hazırda ən real namizəd Yuri Vernidubdu. Qriqorçukla Skripnikin yığmada çalışmaq ehtimalı digərlərinə nisbətən az hesab edilir.

 

Qriqorçukun futbolçuları oyuna kökləmə bacarığını xüsusi vurğulayan ruslar onu həm də güclü psixoloq və taktika ustası hesab edirlər. Lakin 50 yaşlı çalışdırıcının ən zəif cəhəti kimi onun karyerası ərzində heç vaxt böyük komandalarda işləməməsi, ulduz futbolçulara rəhbərlik etməməsi göstərilib.

 

Qeyd edək ki, Roman Qriqorçuk məşqçilik karyerasında “Qəbələ”dən öncə Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” (Zaporojye) və “Çernomorets” klublarına rəhbərlik edib.

Xəbər lenti