18 Sentyabr 09:34 Vojislav Stankoviç: Bunun öhdəsindən gələcəyimizə inanıram - MÜSAHİBƏ
FUTBOL xəbərləri 18 Sentyabr 09:34
4580 baxış

Vojislav Stankoviç: Bunun öhdəsindən gələcəyimizə inanıram - MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində birinci oyununu keçirən “Qəbələ” PAOK-la qolsuz heç-heçə etməklə aktivinə ilk xalını yazdırıb. Oyunun ən yaxşılarından olan Vojislav Stankoviç matç başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- İlk dəfə qrup mərhələsinin oyununda iştirak etdiniz. Qarşılaşmanın bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?

- “Qəbələ” üçün çox yaxşı oyun oldu. Bəli, Avropa Liqasının qrup mərhələsində ilk dəfə meydana çıxırdıq. Bunun da həyəcanı var idi. Hesab açılmasa da, nəticəni komandamız üçün uğurlu hesab edirəm. Ən azı həlledici mərhələyə xalla başladıq.

 

- 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Bunu müdafiənin aktivinə yazmaq olarmı?

- Deməzdim ki, bu ancaq müdafiəçilərin əməyinin nəticəsidi. Futbol komanda oyunudu. Amma etiraf edim ki, müdafiə xətti bu gün yaxşı çıxış etdi. Hücum xəttimiz də işinin öhdəsindən gəldi. Qol vura bilməsələr də, epizod yarada bildilər.

 

- Bəs niyə istifadə edə bilmədilər?

- Futbolun gözəlliyi də bundadı. Bəzən 1 epizod yaradıb maksimum istifadə edirsən, bəzən isə 4-5 belə şansdan yararlana bilmirsən. Bu gün bəxtimiz də gətirmədi, üstəlik rəqib qapıçı da yaxşı oynadı. Növbəti oyunlarda bunun öhdəsindən gələcəyimizə inanıram.

 

- Yeni transferlər necə, oyun planında komandaya kömək edə bildilərmi?

- Həqiqətən də güclü futbolçular transfer edilib. Meydanda olduqları müddətdə özlərini yaxşı tərəfdən göstərdilər. Belə deyək də, işlərinin öhdəsindən gəldilər.

 

- Deməli, tam uyğunlaşa biliblər?

- Bu asan iş deyil. Başqa ölkəyə, başqa komandaya gəliblər. Bəziləri Azərbaycan çempionatında oynayıb, oynamayanlar üçün daha çətindi. Qarşıda vaxtımız çoxdu. Növbəti oyuna qədər olan müddətdə bu matçda buraxdığımız səhvlər üzərində işləyəcəyik.

 

- Növbəti avrokubok oyununda “Krasnodar”la qarşılaşacaqsınız. Onlar da ilk oyunda “Borussiya”ya uduzdular. Bu komandanın oyununu izləmisinizmi?

- Məşqçilər korpusu bizə lazımi məlumatlar verəcəklər. Ancaq həmin oyuna qədər vaxtımız çoxdu. Ona görə “Sumqayıt”la çempionat qarşılaşmasını düşünməliyik. Bu matçdan sonra “Krasnodar” haqda müəyyən bilgilər veriləcək, oyunlarına baxacağıq.

 

- “Qəbələ”nin çətin qrupda yer aldığını bilirik. Bəs futbolçular necə düşünür, növbəti mərhələyə yüksəlməyi bacaracaqsınızmı?

- Hər bir komandanın şansı var. Rəqibləri tək-tək analiz etdikdə, güclü komandalarla qarşılaşacağımız ortaya çıxır. Sona qədər mübarizə aparacağıq. “Qəbələ”nin şansı normal dəyərləndirirəm.

Xəbər lenti