14 Avqust 15:31 Vüsal Əliyev: Heç bir hakimə güzəşt olmayacaq - MÜSAHİBƏ
FUTBOL xəbərləri 14 Avqust 15:31
5012 baxış

Vüsal Əliyev: Heç bir hakimə güzəşt olmayacaq - MÜSAHİBƏ

Hakimlik karyerasını başa vuran Vüsal Əliyev bundan sonra hakim-inspektor kimi fəaliyyət göstərəcək. Yeni işində debütünü Topaz Premyer Liqasının II turu çərçivəsində sabah keçiriləcək “Rəvan” – “Qarabağ” matçında edəcək Əliyev bununla bağlı apasport.az saytına müsahibə verib.

 

- Hakimliyi bitirib, hakim-inspektorluq kimi fəaliyyətə başladınız. Əvvəla bu münasibətlə təbrik edirik...

- Çox sağ olun. 45 yaşımda hakimliyi bitidim. Artıq hakim-inspektor kimi fəaliyyətə başlayıram. Hakim kimi necə olmuşamsa, yeni vəzifəmdə də etimadı doğrultmağa çalışacam.

 

- Deyəsən, tək işiniz hakim-inspektorluq olmayacaq...

- Elədi. AFFA rəhbərliyi sağ olsun, mənə orda iş verib. Oyunlara hakim-inspektor kimi yollanmaqla yanaşı, Hakim İnspektorlar Komitəsində də məsləhətçi vəzifəsində çalışacağam. Bütün gücümüzü Azərbaycan futbolu üçün sərf etməyə hazırıq.

 

- Daha bir neçə il baş hakim kimi karyeranızı davam etdirə bilərdiniz. Sizcə, tələsmədiniz?

- UEFA əvvəlcə 45 yaşı limit qoymuşdu, sonra artırdı. Düzdü, hakimliyi daha 2 il davam etdirə bilərdim. Amma hiss elədim ki, 45 yaş yetərlidi. Getmək üçün ən gözəl vaxt idi. Hakimliyə şərəflə gəlib, burdan şərəflə ayrılmaq özü böyük işdi. Düşündüm ki, bundan sonra hakim-inspektor kimi çalışsam, daha məqsədəuyğun olar.

 

- Çətin olmayacaq?

- Necə ki, futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayırsa, hakim də burdan getdikdən sonra hakim-inspektor kimi çalışır. Düzdü, çoxları düşünür ki, məşqçi kimi işləmək futbolçu olmaqdan çətindi. Amma məncə, hərəsinin öz çətinliyi var. Baş hakim də meydançada 90 dəqiqə qaçır, ədaləti qorumağa çalışır. Təbii ki, hakim-inspektorun da məsuliyyəti var. Necə gəldi qiymət yazmaq olmaz axı. Belədə hakimin taleyi ilə oynayarsan. Hər işin öz ağırlığı var.

 

- Görürəm özünüzü yeni işinizə artıq kökləmisiniz. Hazırsınızmı?

- Hakimlikdən gəlmiş adamam. 15 il Premyer Liqada hakimlik etdim. Yeni vəzifəm də öz sənətimlə bağlı olacaq. Fikrimcə, bu müddətdə topladığım təcrübədən artıq istifadə etmək lazımdı. Özümü tam hazır sayıram.

 

- Uzun müddət həmkar olduğunuz insanların işinə bundan sonra qiymət verəcəksiz. Bu qiymətləndirmə zamanı hansı prinsiplərə üstünlük verəcəksiz?

- Bu elə bir işdi ki, hər şeyi xırdalığına qədər düzgün etməlisən. Mən də hakimlik edəndə hakim-inspektorlar zəif idarəçiliyimə aşağı, yaxşı idarəçiliyimə isə yüksək qiymət verirdilər. Mənim üçün də baş hakimin kim olmasının fərqi olmayacaq. Hamısına uğurlar arzu edirəm. Əlbəttə ki, olan səhvləri də deməliyik. Əsas qiymət yazmaq deyil. Qiymət verməklə yanaşı, onlara səhvlərini də başa salmalıyıq ki, sonrakı görüşlərdə bunu təkrarlamasınlar.

 

- Deməli, heç kimə güzəşt olmayacaq?

- Əlbəttə ki, xeyr. Dostluq başqa, iş başqa... İşi dostluğa qatmaq olmaz. Heç kimə güzəşt olmayacaq. Bu meydan, bu da şeytan (gülür). İşdə tərəfkeşlik yolverilməzdi. Hakimlik çox məsuliyyətli işdi. Allah hamısının köməyi olsun. Yaxşı oyunlar idarə etsinlər ki, biz də yaxşı qiymət yazaq.

 

Ruslan SADIQOV

Xəbər lenti