10 İyul 10:05 Yenə bürünc mükafatçı – “Çukariçki”
FUTBOL xəbərləri 10 İyul 10:05
1257 baxış

Yenə bürünc mükafatçı – “Çukariçki”

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) klubunu mübarizədən kənarlaşdıran (1:2, 2:0) “Qəbələ”nin növbəti mərhələdəki rəqibi Serbiya təmsilçisi “Çukariçki” olacaq. Apasport.az saytının məlumatına görə, I mərhələdə Sloveniyanın “Domjale” klubunu (1:0, 0:0) üstələyən serblərlə oyunlar iyulun 16-da və 23-də keçiriləcək.

 

Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Çukaritsa şəhərciyini təmsil edən “Çukariçki” 4 iyul 1926-cı il tarixində yaradılıb. Klubun ilk prezidenti Serbiyanın ilk pilotu Miloş İliç olub və komanda həvəskar futbolçulardan qurulub.

 

“Çukariçki”nin ilk ciddi nailiyyəti 1966/67 mövsümünə təsadüf edir. Həmin vaxt komanda II liqanın qalibi olub və Belqrad Kubokunu qazanıb.

 

89 yaşlı klubun əsas uğurları son 20 ildə olub. Yuqoslaviya vaxtında əvvəl Belqrad, sonra Serbiya liqasında çıxış edən “Çukariçki” avrokuboklarda 1996-cı ildə debüt edib. Ardıcıl 2 il İntertoto kubokunda qüvvəsini sınayan komanda qrup səddini aşa bilməyib. 1999/2000 mövsümündə Yuqoslaviya çempionatında 6-cı yeri tutması ilə öyünən “Çukariçki” 2002/03 mövsümündə aşağı dəstəyə yuvarlanıb. Lakin bu, Yuqoslaviyanın son çempionatı olub.

 

Serbiya və Monteneqronun ilk birinciliyində aşağı liqada qalib olan komanda elitaya yüksəlib və o vaxtdan bir neçə dəfə Superliqadan I dəstəyə düşüb-qayıdıb. 2013/14 mövsümündə yenidən güclülər dəstəsində çıxış edən “Çukariçki” ilk cəhddə 5-ci yeri tutub. Bununla da tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb.

 

2014/15 mövsümü klubun tarixində ən uğurlu sayılır. Avropa Liqasındakı debütdə bir mərhələ keçən komanda çempionatı 3-cü pillədə başa vurub. 89 illik tarixində ilk dəfə çempionatın mükafatını – “bürünc”ü qazanan “Çukariçki” ilk tituluna da qovuşub. “Qəbələ”nin rəqibi iki ay əvvəl ilk dəfə Serbiya Kubokunu qazanıb.

 

“Çukariçki”ni gənc komanda saymaq olar. Çünki cəmi 4 futbolçusunun yaşı 30-u keçib. Əksər oyunçularının isə maksimum 23 yaşı var. Komandanın yalnız 1 oyunçusu yığmaya çağırılır. Bu, Branislav Yankoviçdi. “Çukariçki”nin yeni transferi olan 23 yaşlı futbolçu ötən ildən Monteneqro millisinə çağırılır.

 

Keçmiş Yuqoslaviya ölkələrindən olan futbolçuları nəzərə almasaq, komandanın heyətində cəmi 2 əcnəbi futbolçunun olduğunu görərik. Bunlar braziliyalı müdafiəçi Lukas Piasentin və qanalı yarımmüdafiəçi Obenq Reqandı. Monteneqro, eləcə də Bosniya və Herseqovinanın 2 oyunçusu da “Çukariçki”nin formasını geyinir.

 

Komanda ev oyunlarını 4070 tamaşaçı tutumuna malik Çukaritsa stadionunda keçirir. Prezidenti Draqan Obradoviç, baş məşqçisi isə Vladan Miloyeviçdi.

 

“Çukariçki”nin ən məşhur yetirməsi hazırda “Mançester Siti”də çıxış edən Aleksandr Kolarovdu.

 

Ötən mövsüm Topaz Premyer Liqasını 3-cü pillədə başa vuran “Qəbələ” Avropa Liqasının I mərhələsində Gürcüstan çempionatının bürünc mükafatçısı “Dinamo” ilə qarşılaşmışdı. Maraqlıdı ki, növbəti mərhələdəki rəqib “Çukariçki” də Serbiya çempionatının bürünc medalçısıdı.