22 Oktyabr 12:25 “Yeni futbolçular gələcək, amma...” – Yunis Hüseynov
FUTBOL xəbərləri 22 Oktyabr 12:25
5139 baxış

“Yeni futbolçular gələcək, amma...” – Yunis Hüseynov

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının ilk 8 turunda komanda heç də pis təsir bağışlamadı. Yalnız VII turda “Qəbələ”yə 0:6 hesablı məğlubiyyət istisnadı. Həmin görüşdən əvvəl nə baş verdi ki, belə hesab qeydə alındı?

- Heç nə baş verməmişdi. Sadəcə, Qəbələdə futbolçular o qədər də istəkli deyildilər. Bundan başqa, rəqibin 8-ci saniyədə qol vurması da matçın axarına ciddi təsir göstərdi. Nəzərə alın ki, komanda əsasən gənc futbolçulardan qurulub. Həmin qol uşaqların psixologiyasına təsir etdi. Mübarizə də mən istəyən kimi olmadı. “Qəbələ” ilə matçı artıq yaddan çıxarmışıq.

 

- İlk 8 turdakı oyundan və nəticədən razısınız?

- Əlbəttə razı deyiləm. 8 turda 9 xal toplamağa heç kim razı olmaz. Komandamızın əsası gənclərdən qurulsa da, yenə də nəticələr məni qane etmir. Demirəm ki, bütün oyunlarda qələbə qazanmalı idik. Amma elə görüşlər oldu ki, qələbə qazana bilərdik. Bəzən təcrübəsizlik, bəzən də bəxt amili bizə mane oldu. Çox xal toplasaydıq, daha yaxşı olardı.

 

- Yəqin ki, qış fasiləsində heyəti gücləndirəcəksiniz. Narahat deyilsiniz ki, o vaxta qədər Avrokubok şansınızı artıq itirə bilərsiniz?

- Əvvəla, qışda o qədər də ciddi dəyişikliklər olmayacaq. Gənclərimiz də özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Düzdü, komandaya yeni futbolçular gələcək, amma  qış fasiləsindən sonra da kim güclü olsa, o da oynayacaq.

 

- Belə çıxır ki, siz gələn mövsümün heyətini qurmağa çalışırsınız?

- Bəli. Gələn mövsümə iddialı başlamaq, yüksək yerlər uğrunda mübarizə aparmaq üçün cari mövsümün ikinci dövrəsi çox önəmlidi. Yeni gələnlər növbəti 6 ayda komandaya uyğunlaşacaq, biz də heyəti formalaşdıracağıq.

 

- Fasiləyə qədər hələ 10 tur var. Hazırda isə Avrokuboka vəsiqə verən 4-cü yerdən 5 xal geridəsiniz. Bu fərqin artmasına mane ola biləcəksiniz?

- Çalışacağıq liderlərdən çox geri qalmayaq. Bütün gücümüzü ortaya qoyacağıq ki, xal ehtiyatımızı artıraq.

 

- Vaqif Cavadovu “Qəbələ”yə, Limam Seydini isə “İnter”ə icarəyə vermişdiniz. Onlar yanvarda geri qayıdacaqlar?

- Yəqin ki, hər ikisi komandaya dönəcək.

 

- Qapıçı Pavel Kapsanı heç bir komandaya icarəyə vermədiniz. Düşünmürsünüz ki, yanvardan sonra polşalı qolkiper oyun praktikasından əziyyət çəkə bilər?

- Kapsa qış fasiləsində kollektivlə birlikdə məşqlər edəcək. Həmçinin, yoxlama görüşlərində də iştirak edəcək. O ki qaldı oyun praktikasına, hazırda heç Vaqif Cavadov da oynamır. Çalışacağıq təlim-məşq toplanışında ona çox şans verək ki, oyun praktikası baxımından problemi yoluna qoysun.

 

- Vaqif “Qəbələ”də hələ də debüt etməyib. Onun orda oynamamağının səbəbini nədə görürsünüz?

- Vaqif, onsuz da, bizimlə qalsaydı belə, oynamaycaqdı. Onu “Qəbələ”yə göndərdik ki, orda yanvara qədər oynasın, praktika baxımından əziyyət çəkməsin. Ancaq oynamamağının səbəbini deyə bilmərəm.

 

- Digər komandalara keçən Ruslan Abışov, Vüqar Nadirov, Rəşad Eyyubov və Dieqo Souzanı mövsümün sonunda qaytaracaqsınız?

- Düzdü, onlarla yollarımızı birdəfəlik ayırmışıq. Onlar yeni komandaları ilə bir illik müqavilə bağlayıblar. Yəni bu oyunçuları ancaq yay fasiləsində qaytara bilərik. Bu məsələyə də həmin vaxt baxacağıq.

 

- Qış transfer planınız hazırdımı?

- Yaxşı futbolçular tapsaq, heyətə cəlb edəcəyik. Bilirsiniz ki, qışda güclü transferlər etmək çətindi. Amma çalışacağıq ki, heyəti gücləndirək.

 

- Üstünlüyü yerli, yoxsa əcnəbi futbolçulara verəcəksiniz?

- Əsasən əcnəbi transferlər olacaq. Belə vaxtda güclü yerli tapmaq çox çətindi.

 

- Təlim-məşq toplanışında baxışa futbolçu dəvət edəcəksiniz?

- Əlbəttə. Amma elə futbolçu olacaq ki, birbaşa transfer edəcəyik. Təbii ki, dərindən tanımadığımız futbolçunu baxışdan keçirəcəyik.

 

Ruslan SADIQOV

Xəbər lenti