10 Sentyabr 15:56 “Yığmada inkişaf var, klublarda isə hər şey əksinədi” – Nizami Hacıyev
FUTBOL xəbərləri 10 Sentyabr 15:56
5747 baxış

“Yığmada inkişaf var, klublarda isə hər şey əksinədi” – Nizami Hacıyev

“İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatında arxada qalan 3 turdakı çıxışınız haqda nə deyə bilərsiniz?

- Çempionluq uğrunda mübarizə aparan komanda üçün hazırkı nəticəmiz ürəkaçan deyil. Amma bu oyunlar arxada qalıb və fikirləşməyin mənası da yoxdu. Hər şeyi unudub, yeni başlanğıc etməli, yeni səhifə açmalıyıq.

 

- “İnter” Avropa Liqasında çıxış etdiyindən, əksəriyyət komandanızın çempionata hazır başlayacağını düşünürdü. Uğursuz startın arxasında nə dayanırdı?

- “Xəzər Lənkəran”la oyuna yorğun getmişdik. Çünki 3 gün əvvəl “Atletik”lə qarşılaşdıq və həmin heyət Lənkəranda da meydana çıxdı. Belədə həm fiziki, həm də psixoloji yorğunluq var idi. “Zirə” ilə oyunda əlverişli imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Bununla onların zəif olduğunu və mütləq udmalı olduğumuzu deyə bilmərəm. Sadəcə, idman xoşbəxtliyi də tərəfimizdə olmadı.

 

- Millinin oyunları ilə əlaqədar yaranmış fasilə işinizə nə dərəcədə yaradı?

- Xorvatiya ilə görüşdə qazanılan heç-heçə yaxşı nəticədi. Amma Malta ilə görüşdə itirilən xal təəssüf doğurmaya bilməz. Səfərdə qazanılan 1 xalı nə yaxşı, nə də pis nəticə hesab etmək olar. Yığmamız özü üçün bir seriya yaxalayıb, artıq neçə oyundu uduzmuruq. Bundan sonra Norveç, Bolqarıstan kimi komandalarla başabaş oynamaq normal sayılmalıdı. Hətta İtaliya kimi yığmalardan xal almalıyıq. Bu gün millinin əsas heyətinə diqqət yetirsək, əksər futbolçular avrokuboklarda çıxış edib, 7-8 futbolçu isə Avropa Liqasının qrup mərhələsində oynayacaq. Biz nəticələr qazanmalıyıq. Ümumi götürdükdə, yığmadan razıyam, “qapazaltı” olmağı unutmalıyıq. Rəqiblərimiz bizimlə oyunlarda 3 xalı asan qazanacaqlarını düşünməməlidi. İnanıram ki, komandamız buna nail olacaq. Amma bu inkişaf yığmada var, klublarda isə hər şey əksinə cərəyan edir.

 

- Niyə?

- “Qarabağ”, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, inkişaf da bu klublarda gedir. Ancaq Premyer Liqadakı 10 komandadan 2-3-ü istisna olmaqla, qalanlarında maliyyə problemi var. Nəticədə adlarını çəkdiyim həmin klublarla başabaş mübarizə aparmaq mümkün olmur. Çünki arada böyük uçurum var.

 

- Bəs fasilə komandanız üçün düşərli oldumu?

- Bu bizə lazım idi. Gürcüstanda toplanışda olduq, gündə 2 məşq keçdik, psixoloji baxımdan bir qədər dincəldik. Yoxlama oyunu keçirdik, qələbə qazandıq. Bu toplanışın komandamıza müsbət təsiri oldu. Sentyabrın 12-dəki oyun bizim üçün ölüm-dirim mübarizəsi olacaq. Özümüzü yaxşı tərəfdən göstərməli, yenidən milliyə dönməliyik.

 

- Oyuna hazırsınızmı?

- Hazırıq, məqsədimiz də 3 xal qazanmaqdı.

 

- “Qəbələ”nin “İnter”dən üstün cəhətləri hansılardı?

- Futbol adına rəqibin bizdən hansısa üstünlüyü yoxdu. Bəli, “İnter” rəqibindən geri qalır, bu maliyyə ilə bağlıdı. Amma meydana çıxanda bu yaddan çıxır. Heç kim pul haqda düşünmür, çalışır ki, qələbə qazansın.  

 

- Klubun maliyyə durumu düzəlib?

- Maliyyə ilə bağlı danışmağa söz tapmırsan. Acınacaqlı durumdayıq. Komandanın arxasında kimin dayandığını, rəhbərlik etdiyini bilmirik. Hansısa qayğı hiss etmirik. Meydana çıxanda da formamın arxasına yazılan adıma görə vuruşuram, çalışıram. Hər kəsin bir məqsədi var. Mənim məqsədim komandama kömək etməklə yanaşı, yığmaya dönməkdi.

 

- Bəs futbolçularla görüşüb, vəziyyətə aydınlıq gətirən kimsə yoxdu?

- Xeyli vaxtı heç kim bizimlə söhbətə gəlmir. Heç olmasa gəlib, deyələr ki, vəziyyət budu, final vaxt düzələcək, maliyyə durumumuz necədi, klubun gələcəyi necə olacaq. Nə bilim.. elə məsələlər var ki, adam danışmaq istəmir.

 

- Amma bu cür ortamda uşağa getmək də mümkün olmayacaq. Futbolçular hansısa addım atmağı düşünürmü?

- Futbolçu mən. Nə edim? Hansı addımı atım? Tutaq ki, etirazımızı bildirdik. Kimsə bizə yaxınlaşıb, problemlərimizlə, etirazımızın səbəbi ilə maraqlanmır. Sual verən yoxdu ki, ay futbolçular hansı dərdiniz, çatışmazlığınız var? Ötən il çempionat başlayanda bilirdik ki, hansı məqsəd uğrunda mübarizə aparacağıq. Ancaq bu çempionatda nə üçün oynadığımızı bilmirik. Problemlərimizi həll edən yoxdu. Təsəvvür edin, cəmi bir oyun geyimimiz var. Avropa Liqasının 6, Premyer Liqanın isə arxada qalan 3 oyununu həmin forma ilə keçirmişik. Bu acınacaqlı durum deyilmi? Futbolun inkişafı budur?

 

- Bəs bu çətin durumda meydana necə çıxırsız?

- Çox çətindi. Eyni köynəklə 9 oyun keçirmişik. Ötən il fərqli idi. Vaxtında maaşlarımızı, bonuslarımızı alırdıq, klub rəhbərliyi ilə görüşürdük, dərdimizi dilə gətiridik. Bu gün isə hər birimiz fikirləşirik ki, yaxşı oynayaq, milliyə dəvət edilək, başqa klublardan təklif alaq. Hər insanın işlədiyi yerə sevgisi olmalıdı. Ailəm ordan çörək yeyirsə, komandam üçün əlimdən gələni etməliyəm. Əfsuslar olsun ki, bizə kömək əlini uzadan, bunu istəyən kimsə yoxdu.

 

- “İnter”də qalmağınıza görə peşman olmusunuz?

- Sonrakı peşmançılıq fayda vermir. Ola bilər, 3-5 ay maaş verməsinlər, yenə mübarizəmi aparacam. O futbolçulardan deyiləm ki, meydana çıxım, etiraz bildirim. Etirazımı oyundan sonra bildirirəm. Amma oyuna çıxıramsa, şəraitdən asılı olmayaraq sona qədər mübarizə aparıram.

 

Xəbər lenti