14 Sentyabr 23:00 “Zəif klubla oynamaqdansa, məşq etmək daha yaxşıdı” -  MÜSAHİBƏ
FUTBOL xəbərləri 14 Sentyabr 23:00
9107 baxış

“Zəif klubla oynamaqdansa, məşq etmək daha yaxşıdı” - MÜSAHİBƏ

Avropa çempionatının pley-off mərhələsində çıxış edəcək futzal üzrə yığmamız bu gün Slovakiya ilə qarşılaşacaq. İlk oyundan öncə komandamızın təcrübəli üzvü Vitali Borisov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Milli Slovakiya ilə qarşılaşmaya hazırdırmı?

- Artıq təlim-məşq toplanışını yekunlaşdırmışıq. Hər şey qaydasındadı. Heyətimizdə ciddi zədəsi olan yoxdu. Yəqin ki, hamı oyunda iştirak edə biləcək.

 

- Yeganə itki qapıçı Covani Buranelli ilə bağlıdı?

- Onun oynamayacağı çoxdan bilinirdi. Yerli qapıçılarımız var ki, bu gün oynamağa hazırdırlar. Fikrimcə, Buranellinin yoxluğunu hiss etdirməyəcəklər. Çünki təcrübələri kifayət qədərdi. Hansının qapıda dayanmasından asılı olmayaraq, etibar etmək olar.

 

- Psixoloji cəhətdən necə, özünüzü hazırlaya bilmisinizmi?

- Hamı istəklidi. Çalışacağıq ki, cütün taleyini Bakıdakı oyunda həll edək. Əsas odu qol buraxmayaq. Qələbə qazansaq, səfərə də yaxşı əhval-ruhiyyədə yollanacağıq. Əslində, başqa nəticə haqda da düşünmürük.

 

- Slovakiya yığması haqda hansı məlumata sahibsiniz?

- Demək olar ki, bir həftədi rəqibin oyunlarını izləyirik. Müəyyən təhlillər aparmışıq, məşqçimiz də rəqibin zəif və güclü tərəfləri haqda məlumatları bizə çatdırıb. Məşqlərdə də üzərində işləmişik. Necə mənimsəmişik, bunu oyun zamanı görəcəyik. Yəni, düz işləyib-işləmədiyimiz matçda görünəcək.

 

- Rəqibin güclü tərəfləri hansılardı?

- Bu yığmanın əsasını “Slov-Matik” klubunun üzvləri təşkil edir. 90 faizi bu klubun üzvləridi. Bir növ Slovakiyanın “Araz”ıdı. Əksər futzalçının bir yerdə çıxış etməyi üstünlük sayılır. Üstəlik, 5-in 4-ə oyunda da güclüdürlər. Hücum edən zamanı çox yaxşı oynayırlar.

 

- Yəqin onların bu oyununu pozmaq üçün sürprizlər hazırlamısınız?

- Təbii, bizim də sürprizlərimiz olacaq. Zəif cəhətlərini bilirik, istifadə edəcəyik. Sadəcə, indidən açıqlamaq düzgün olmaz, meydanda göstərməliyik.

 

- Toplanış zamanı 4 yoxlama oyunu keçirdiniz. Çempionatda isə cəmi 1 tur arxada qalıb. Oyun praktikası baxımından boşluq olmayacaq?

- Yoxlama oyunları normal keçdi. Çempionatın dayandırılmağı da yaxşı oldu. Çünki 2-ci oyunda kiminlə qarşılaşacağımızı bilmirdik. Çempionatda zəif komandalar da var. Çempionatda zəif komanda ilə oynamaqdansa, məşq etmək daha yaxşıdı. Amma “Ekol”la matç, eləcə də 4 yoxlama oyunu bizim üçün kifayət etdi.

 

- Rəqib komandanın üzvləri yığmamız haqda danışanda daha çox braziliyalı futzalçıları qabardırlar. Yerlilər niyə bu qədər onların kölgəsində qalır?

- Bu əvvəllər belə idi. Tino Peresin gəlişindən sonra çox şey dəyişib. Avropa çempionatının əsas mərhələsinin qrup oyunları zamanı yerli futzalçılara çox şans verdi. İndi cəmi 5 braziliyalımız var. Qapıçıları saymıram, yerdə qalan 10 futzalçının hamısını yəqin ki, oynadacaq. Kölgədə qalmaq məsələsi əvvəllər idi. İndi yerli oyunçular da diqqət cəlb edirlər. Kim özünü yaxşı göstərsə, o da çox oynayacaq.

 

- Yığmanın heyətində elə oyunçular var ki, bu AÇ onlar üçün sonuncu olacaq. Bu amil əlavə motivasiya yaradırmı?

- Bəziləri üçün yox, hamımız üçün sonuncu ola bilər. Yaşa görə də bunu demək olar, karyeranın uğurlu alınıb-alınmayacağına görə də. Bəli, mən, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Rizvan Fərzəliyev 30-u haqlamışıq və yaşla əlaqədar ola bilər ki, növbəti çempionatları görməyək. Bəlkə də hansısa futzalçının sonrakı illərində karyerasında eniş başlayacaq və o da bir daha belə oyunlara qatıla bilməyəcək. Ona görə hamımız komanda şəklində özümüzü yaxşı tərəfdən göstərməliyik.

 

Xəbər lenti

Xəbər lenti