9 Sentyabr 18:08 "Azərbaycanda şahmatın inkişafı bir çox ölkələrə nümunə ola bilər” - FİDE prezidenti
STOLÜSTÜ OYUNLAR xəbərləri 9 Sentyabr 18:08
5413 baxış

"Azərbaycanda şahmatın inkişafı bir çox ölkələrə nümunə ola bilər” - FİDE prezidenti

“Biz hazırda böyük bir idman tədbiri ilə bağlı bir yerə yığışmışıq. Bildiyiniz kimi, burada qələbə qazanan şahmatçı şahmat tacı uğrunda mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Bu gün Fairmont otelində 45 ölkədən 128 şahmatçının iştirak edəcəyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı təşkil olunub. Tədbirdə Rəhimovla yanaşı, FİDE-nin prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov iştirak ediblər.

 

Gənclər və idman naziri şahmatçılarımızın uğurlu çıxışına inandığını qeyd edib: “Biz idmançılarımızın uğurlu çıxışına inanırıq. Qonaqların da Bakıda gözəl vaxt keçirəcəklərinə ümid edirik”.

 

Azad Rəhimov əlavə edib ki, Bakıya gələn ermənilərdən Levon Aronyan Dağlıq Qarabağdakı yarışda oynasa da, ona güzəşt olunub: “Aronyan Xankəndində oynasa da, idmanla bağlı güzəştə getdik”.

 

FİDE-nin prezidenti Kirsan İlyumjinovun sözlərinə görə, Bakıdakı yarışda çox güclü mübarizə gedəcək: “Sizi Dünya Kuboku bayramı münasibətilə təbrik edirəm. Yarışı milyonlarla şahmatsevər izləyəcək və onlayn yayımlanacaq. Yarışa ən güclülər qatılacağından, çox güclü mübarizə gedəcək. Burada 2 eks-çempion Vladimir Kramniklə Vesilin Topalov da iştirak edəcək. Bakıya gələn idmançıların bir çoxu mükəmməl səviyyədədi. Qalib Maqnus Karlsenlə oynayacaq. Bir çox şahmatçı Dünya Kubokunu Azərbaycandan aparmaqda israrlıdı. Azərbaycanda şahmatın inkişafı bir çox ölkələrə nümunə ola bilər”

 

Bu arada, İlyumjinovun Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov tərəfindən FİFA-ya namizədliyi verilib. Bununla bağlı da münasibət bildirən FİDE-nin prezidenti düşünəcəyini deyib: “Hər şeyi götür-qoy edəcəm. Mənim kifayət qədər gücüm var ki, bu vəzifə uğrunda mübarizə aparım. Amma bununla bağlı qərar qəbul etməmişəm”.

 

İlyumjinov Dünya Kubokunda favoritini açıqlamaq istəməyib: “Kifayət qədər güclü şahmatçı gəlib. Favoritimi açıqlamaq istəmirəm. Sonra deyərlər ki, prezident təzyiq göstərir (gülür). Şahmat tamamilə şəffaf idman növüdü. Burada bəzi idman növlərindən fərqli, hakimlər tərəfindən hansısa idmançıya kömək etmək mümkün deyil. Məsələn, futbolda hakim səhvindən sonra hansısa komanda qalib gəlir, amma şahmatda belə şey mümkün deyil”.

 

O, şahmatın olimiadanın proqramına salınması ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: “Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla müzakirələr gedir. Amma bildiyiniz kimi, Qış Olimpiya Oyunlarında nümunəvi növ kimi olacağıq”.

 

İlyumjinovun sözlərinə görə, Bakıda keçiriləcək şahmat olimpiadasına 2000 idmançı gələcək: “Bakıda baş tutacaq şahmat olimpiadası yeni rekord olacaq. Burada 200 ölkədən 2000 idmançı mübarizə aparacaq".

 

K. İlyumjinov Harri Kasparovun rüşvətlə bağlı açıqlamasına da münasibət bildirib: “Bildiyiniz kimi, “New-York times” qəzeti bir müddət öncə belə bir məqalə yaydı ki, Harri Kasparovun rəhbərlik etdiyi fond Sinqapur da daxil olmaqla, Asiyanın 6 ölkəsinin şahmat federasiyasının rəhbərlərinə rüşvət verib. Məqaləyə əsasən, Sinqapur şahmat federasiyasının prezidentinə 1 milyon dollar, digər 5 ölkənin müvafiq qurumlarının rəhbərlərinə isə hərəsinə 100 min dollar təklif edib. Bunun müqabilində həmin şəxslər FİDE-yə prezident seçkilərində Kasparova səs verməli idi. Biz adı çəkilən qəzetin aparıcı nəşrlərdən biri olduğunu nəzərə alaraq, həmin materialı FİDE-nin Etika Kommisiyasına təqdim etdik. Bildiyiniz kimi, bu komissiya müstəqil qurumdu. Etika Komissiyasını araşdırma aparıb. Hazırda həmin şəxslər federasiya rəhbərliyindən uzaqlaşdırıla bilər. Kasparova gəldikdə, bu şəxs külli miqdarda cərimə oluna və ya 1 ildən 2 ilə qədər şahmat turnirlərinə buraxılmaya bilər”.

 

AŞF rəhbəri Elman Rüstəmov isə bildirib ki, yığmamız bu yarışa yaxşı hazırlaşıb: “Azərbaycan bu yarışı haqlı olaraq qazanıb. Şahmatçılarımızın uğurları hamıya bəllidi. Biz ikiqat Avropa çempionuyuq. Ev sahibi kimi turnirin ən yüksək səviyyədə təşkil olunmasını, dostluq, tolerantlıq gözləyirik. Yığmamız yaxşı hazırlaşıb və onların müvəffəqiyyətlə çıxış edəcəyinə inanırıq. 2016-cı ildə olimpiadaya ev sahibliyi edəcəyik. Bu səbəbdən Dünya Kubokunu əsas məşq də saya bilərik. Azərbaycan hökuməti bütün lazımi işləri görüb”.

 

Şahmatla bağlı dövlət proqramının nəticə verdiyini deyən E. Rüstəmov şahmat mərkəzi üçün yer axtardıqlarını qeyd edib: “Ölkə başçısı tərəfindən şahmatla bağlı dövlət proqramı peşəkarlıq baxımından əla nəticə verdi. Şahmat federasiyası barədə növbəti proqram haqda düşünürük. Şahmat mərkəzi üçün gözəl layihəmiz var. Azad Rəhimovla birgə yer axtarırıq. Bakı-2015-lə bağlı işlər bir qədər çox idi. Lakin yaxın gələcəkdə uyğun yer tapacağımıza inanıram”.

 

Qeyd edək ki, yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları isə sentyabrın 11-də saat 15:00-da start götürəcək.