25 İyun 15:14 “İndi estafeti gəlinə ötürürəm” – Rauf Məmmədov
STOLÜSTÜ OYUNLAR xəbərləri 25 İyun 15:14
3218 baxış

“İndi estafeti gəlinə ötürürəm” – Rauf Məmmədov

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov ukraynalı Natalya Buksa ilə toyunun vaxtını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı şahmatçı dünya çempionu ilə Batumidə keçiriləcək Olimpiadadan sonra evlənəcəyini deyib.

 

Məmmədov nişanlandıqdan sonra iştirak etdiyi ilk beynəlxalq turnirdə çempion tituluna yiyələnib. O, Belarusda Viktor Kupreyçik Memorialında birinci yeri tutub. Həmyerlimiz rapid üzrə baş tutan yarışda 11 turdan 9,5 xal toplamaqla, ən yaxın izləyicisini 1 xal qabaqlayıb.

 

Turnirdən sonra Rusiya Şahmat Federasiyasının rəsmi saytına danışan Məmmədov bildirib ki, nişanlanmaq ona uğur gətirib: “Natalya ilə mayda nişanlanmışam. Toyumuzu Olimpiadadan sonraya planlaşdırırıq. Onunla nişanlandıqdan sonra iştirak etdiyim ilk turnirin uğurlu alındığını deyə bilirəm. İndi isə estafeti gəlinə ötürürəm” (gülür).

 

Yığmamızın aparıcı siması Olimpiadadakı hədəflərdən də danışıb. O bildirib ki, son Avropa çempionu kimi, bu yarışda da sözlərini deməyə çalışacaqlar: “Biz Batumiyə bir qədər tez yollanıb, toplanış keçəcəyik. Son Avropa çempionuyuq və fikrimcə, heyətdə maksimum 1 dəyişiklik ola bilər. Bildiyiniz kimi, ötən il kapitanımız da aktiv oyunçu idi. Qitə birinciliyində bu funksiyanı Eltac Səfərli yerinə yetirirdisə, bu dəfə kimin olacağı hələlik bəlli deyil. Əlbəttə, hazırlıq prosesi olacaq. Bu Olimpiadada ümidlərim həqiqətən də böyükdü. Çünki daha bir dəfə Avropa çempionu olduq və burda da üstünlüyümüzü göstərməliyik. Bilmirəm, bəlkə də Rusiya ən böyük favorit deyil. Çünki orda “qorxunc” ABŞ da olacaq. Həmçinin Çin də var. Buna rəğmən, Azərbaycan yığmasının hədəfi qızıl medal uğrunda mübarizə aparmaq və onu qazanmaqdı”

Xəbər lenti