6 İyun 09:42 Karlsen Məmmədyarovu danışılmış oyunlarda ittiham etdi
STOLÜSTÜ OYUNLAR xəbərləri 6 İyun 09:42
5840 baxış

Karlsen Məmmədyarovu danışılmış oyunlarda ittiham etdi

Norveçli şahmatçı Maqnus Karlsen azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla bağlı şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı idmançı həmyerlimizin rusiyalı Sergey Karyakinlə oyunlarının danışılmış olduğunu iddia edib.

Karlsen bunu Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess”in III turunda adıçəkilən şahmatçıların “sülh”lə başa çatan görüşü barədə danışarkən açıqlayıb. Onun sözlərinə görə, hər bir yarışda əsas rəqibləri hesab olunan bu qrossmeysterlər bundan əvvəlki yarışlarda da xalı öz aralarında bölüblər.

Amma o, TV2-yə müsahibəsində belə bir iddia ilə çıxış etsə də, sübutunun olmadığını da deyib: “Bilirdim ki, bu şahmatçılar əvvəlki turnirlərdə də xalı yarı bölüblər. Sübutum olmasa da, burda da eyni nəticənin qeydə alınması məni təəccübləndirmədi. Bir-birlərini əvvəlcədən tanıyan, dost olan və birlikdə çalışan insanların oyunlarını izləmək yaxşı olardı. Böyük maraqla vəziyyəti təqib edirdim. Dünya çempionatı və ona bənzər önəmli turnirlərdə belə halların şahidi olmuruq. Özüm bununla məşğul deyiləm. Amma insanların danışılmış matçlarda iştirak etməsinin qarşısını almaq da çətin məsələdi”.

Karlsen danışılmış oyunların ədalətli olmamasından da danışıb. O bildirib ki, digər belə hallar barədə məlumatlı deyil.

Qeyd edək ki, “Altibox Norway Chess”in III turunun Məmmədyarovla Karyakinin görüşü 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb.