10 Noyabr 19:54 "Azəryol" 1/8 finalda! - YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 10 Noyabr 19:54
8006 baxış

"Azəryol" 1/8 finalda! - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Azəryol” ilk oyun günündə meydana çıxıb.

 

Aleksandr Çervyakovun yetirmələri Rumıniyada 0:3 hesabı ilə uduzduğu “Tarqovitse”ni qəbul edib. “Azəryol”un matçı “Qızıl set”ə daşıması üçün 2 hissə məğlub olmadan qələbə qazanması vacib idi ki, bunu da bacarıb. Komandamız hətta gözəl oyun sayəsində adını 1/8 finala yazdırıb. Onlar “Qızıl set”də də “Tarqovitse”dən güclü olduqlarını sübuta yetirməklə, iddialarını bir daha ortaya qoyublar.  

 

Düzdü, matç komandamız üçün yaxşı başlamayıb. İlk texniki fasiləyə məğlub çıxan “Azəryol” hissənin gedişində 4 top geri də düşüb – 6:10. Lakin dəqiqələr ötdükcə voleybolçularımız öz oyunlarını tapıblar. Hissənin sonunda bərabərlik yaratdıqdan (22:22) sonra seti aktivlərinə də yazmaqda çətinlik çəkməyiblər – 25:23.

 

İkinci hissə “Azəryol”un inamlı oyunu ilə başlayıb. Bu dəfə komandamız ardıcıl xallar qazanaraq, fərqi 4 topa çatdırıb – 5:1. Ardınca rəqib hesabda tarazlıq yaratsa da (5:5), set xalaxal prinsipi ilə davam edib. Hətta sonlarda “Tarqovitse” 2 top irəli keçib (21:19). Lakin ruhdan düşməyən paytaxt təmsilçisi yenidən hücumda və blokda layiqli oyun sayəsində sevinən tərəf olub. Bu dəfə də 25:23 hesabı qeydə alınıb. 

 

Üçüncü hissədə isə “Azəryol” daha iddialı görünüb. Texniki fasilələrə geridə çıxan komandamız yekunda “Tarqovitse”nin 1 set qazanmasına belə imkan verməyib. Voleybolçularımız 12:17 hesabı ilə geridə ola-ola ardıcıl 13 xal (!) qazanaraq, Rumıniyadakı məğlubiyyətin revanşını alıblar.

 

Bu səbəbdən cütün taleyi “Qızıl set”də müəyyənləşib. “Azəryol” yenə də hissənin əvvəlində geriyə düşsə də, sonda sevinən tərəf olub. Komandamız 15:13 hesabı ilə qalib gəlməklə, 1/8 finalda iştirak hüququ qazanıb.

 

“Azəryol”un bu mərhələdə rəqibi “Salo” (Finlandiya) – “Hayfa” (İsrail) cütünün qalibi olacaq. Finlandiyalılar evdə keçirdikləri matçda 3:0 hesabı ilə qələbə qazansalar da, mərhələ adlayacaq komanda sabah Hayfada keçiriləcək ikinci oyunda dəqiqləşəcək.

 

CEV kuboku

1/16 final mərhələsi, cavab oyunu

 

10 noyabr

“Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya) - 3:0 (25:23; 25:23; 25:17)

QIZIL SET: 15:13

Hakimlər: Lyubomir Sirakov (Bolqarıstan), Kirill Nesterenko (Rusiya)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan) - 3:0 (25:19, 25:19, 30:28)

 

Xəbər lenti