29 Avqust 09:39 Bundesliqanın 3 qat qalibi Azərbaycan çempionatını seçdi
TOP OYUNLARI xəbərləri 29 Avqust 09:39
8585 baxış

Bundesliqanın 3 qat qalibi Azərbaycan çempionatını seçdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Lokomotiv” daha 2 voleybolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ötən il ulduzları heyətinə qatmaqla ad çıxaran “dəmiryolçular” yenə elə də güclü olmayan oyunçuları rənglərinə bağlayıb.

 

Belə ki, “Telekom”un yetirməsi olan Yana Əzimova yeni mövsümdə “Lokomotiv”in uğurları üçün çalışacaq. 174 sm boya malik 21 yaşlı toppaylayıcı yeni klubunda əsas heyət uğrunda türkiyəli Özge Kırdar Çemberciylə mübarizə aparmalı olacaq.

 

Bakı təmsilçisi, həmçinin Almaniya millisinin blokçusu Berit Kauffeldt ilə də 1 illik müqavilə imzalayıb. 190 sm boya malik Kauffeldt Polşanın “İmpel” klubundan transfer olunub.

 

O, Vrotslav təmsilçisindən öncə “Şverner” (2007-2012, Almaniya), “Pallovolo” (2012-2013) və “Conegliano” (2013-2014, hər ikisi İtaliya) komandalarının şərəfini qoruyub. Kauffeldtin əsas uğurları Almaniya çempionatına təsadüf edib. “Şverner”lə 3 dəfə Bundesliqanın qalibi olan blokçu 1 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb.

 

Millisinin heyətində 49 qarşılaşmaya çıxan Berit son illər özünü yaxşı tərəfdən göstərə bilməsə də, gənclər millisində fəxri kürsüyə yüksəlməyi bacarıb. 2007-ci ildə Avropa çempionu olan blokçu 2 il sonra mundialın qalibi olub. Kauffeldt əsas komanda ilə isə ötən il Avropa Liqasının finalında oynayıb.

 

Qeyd edək ki, Əzimova və Kauffeldtin “Lokomotiv”ə gəlişi ilə komandadakı oyunçuların sayı 11-ə çatıb. Bakı klubu onlara kimi türkiyəli Özge Kırdar Çemberci, amerikalı Kanani Danielson, Hana Çutura (Xorvatiya) və Yaroslava Pencova (Slovakiya) ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək.

Xəbər lenti