27 Oktyabr 17:09 Çempionlar Liqası: 3 komandamız mübarizəyə başlayır
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 17:09
5972 baxış

Çempionlar Liqası: 3 komandamız mübarizəyə başlayır

Azərbaycan klubları Çempionlar Liqasının yeni mövsümünə sabah start verəcək. Apasport.az saytının məlumatına görə, 1 illik fasilədən sonra qitənin ən mötəbər klub turnirində yenidən 3 komandamız marafona başlayacaq.

 

Onlardan biri – “Telekom” nəinki Çempionlar Liqasının, ümumiyyətlə avrokubokların debütantıdı. 2013-cü ildə yaradılan komanda bunadək yalnız ölkə çempionatında çıxış edib. Beynəlxalq arenada ilk sınağına çıxacaq Bakı təmsilçisi E qrupunda mübarizə aparacaq. Yarışın debütantı olmasına baxmayaraq, qrupun favoritlərindən sayılan komandamız ilk oyunda Polşa “İmpel”ini qəbul edəcək.

 

Rəqibi “wild card”la yarışa qatılsa da, “Telekom”dan fərqli təcrübəli voleybolçulardan təşkil olunub. Lakin matçın Bakıda keçirilməsi və komandamızın perspektivli gənclərdən qurulması qələbə şansımızı artırır. Çünki Zoran Qayiç kimi mütəxəssisin rəhbərliyi altında oynayacaq gənc voleybolçular özlərini beynəlxalq arenada yaxşı mənada göstərmək istəyirlər.

 

Digər 2 komandamız – “Azərreyl”lə “Lokomotiv” isə eyni qrupda yarışacaq. Bu səbəbdən də onların biri paytaxtda, digəri səfərdə mübarizəyə başlayacaq.

 

Super Liqanın gümüş medalçısı hazırda yaxşı günlərini yaşamayan Kazan “Dinamo”sunun qonağı olacaq. Komandanın başına italiyalı Fransua Salvaqinini gətirən “dəmiryolçular” heyətdə də bir sıra dəyişikliyə əl atıblar. Düzdür, onların yeni transferlərinin heç də ötən ilkilərdən güclü olduğunu söyləmək olmaz.

 

Buna baxmayaraq, komandanın “özəyini” qoruyan komanda Çempionlar Liqasında ikinci cəhdindən maksimum nəticə qazanmağa çalışacaq. Çünki hazırda ən yaxşı maliyyə dayaqlarına malik “Lokomotiv” bu dəfə də özünü yaxşı tərəfdən göstərməsə, yeni mövsümdə “İqtisadçı”nın taleyini yaşaya bilər. Komandanın Rusiyadan xalla dönməsinə isə inam böyükdü. Ən azından rəqibin ulduz voleybolçusu Yekaterina Qamovanın zədə səbəbindən bu matçda forma geyinməyəcəyi təmsilçimizin üstünlüyüdü.

 

Çempionlar Liqasında çıxış edən “Azərreyl” isə bu turnirdə ölkəmizin idman şərəfini qoruyacaq üçüncü klubdu. İlə türkiyəli Bülənt Karslıoğlunun rəhbərliyi altında start verəcək “dəmiryolçular” 11-ci mövsümü uğurla başa vurmağı hədəfləyiblər. Komandanın heyətinə Azərbaycan millisinin aparıcı oyunçuları ilə yanaşı, güclü legionerlərin də transfer olunması buna hesablanıb.

 

Komandanın ilk turda qələbə qazanacağı da gözləniləndi. Çünki Super Liqanın bürünc medalçısı birinci görüşdə yarışın debütantı, elə də güclü olmayan Almaniya “Ştutqart”ını qəbul edəcək. Klublarımızın evdə daima almanları məğlub etdiyini nəzərə alsaq, Çempionlar Liqasına “wild card”la qatılan “Azərreyl”in işinin elə də çətin olmayacağını proqnozlaşdırmaq mümkündü.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

28 oktyabr

A qrupu

18:00. “Azərreyl” (Azərbaycan) – “Ştutqart” (Azərbaycan)

Hakimlər: Katarjina Sokol (Polşa), Tumas Murilo (Estoniya)

Bakı, Voleybol Mərkəzi

 

20:00. “Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Kari Partiaynen (Finlandiya), Georgios Papageorgiou (Kipr)

Kazan, Sankt-Peterburq Sarayı

 

 

29 oktyabr

E qrupu

17:00. “Telekom” (Azərbaycan) – “İmpel” (Polşa)

Hakimlər: Viktor Kozlovski (Ukrayna), Roy Qoren (İsrail)

Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi

 

Qeyd edək ki, Azərbaycan klubları 3-cü dəfə Çempionlar Liqasında 3 klubla qatılır.

 

Xəbər lenti