15 Oktyabr 16:54 “Klub prezidenti seçildikdən sonra həvəsim daha da artdı” - Rüstəmxanlının ilk müsahibəsi
TOP OYUNLARI xəbərləri 15 Oktyabr 16:54
6457 baxış

“Klub prezidenti seçildikdən sonra həvəsim daha da artdı” - Rüstəmxanlının ilk müsahibəsi

“Azəryol” voleybol klubunun yeni prezidenti Cəmil Rüstəmxanlının apasport.az saytına müsahibəsi...  

 

- Az öncə “Azəryol” voleybol klubuna prezident seçilmisiz. Voleybola marağınız əvvəlcədən vardı, yoxsa komanda rəhbəri seçildikdən sonra yarandı?

- Azərbaycanda yaşayıb, idmana marağın olmamağı mümkün deyil. Artıq neçə illərdə voleybol ölkəmizdə populyar idman növlərindən biridi. Klub rəhbəri seçildikdən sonra voleybola olan həvəsim daha da artdı.

 

- Siz, eyni zamanda “Azəryolservis” ASC-də sədr müavinisiz. İşlərinizin çox olması komandaya daha az vaxt ayırmağınıza səbəb olmayacaq ki?

- İşlərim çox olsa da çalışıram ki, komanda ilə tez-tez görüşüm, hansısa problemləri olarsa, onları aradan qaldırım. İşlərimi elə nizamlayıram ki, hər iki işimə yetərincə vaxt ayırım.

 

- “Azəryol”un qarşısına hansı hədəfləri qoymusuz?

- Qarşıda böyük planlarımız var. Əsas məqsədimiz gənc və perspektivli oyunçuların inkişafı üçün lazımı şəraitin yaradılmasıdı. Həmçinin, “Azəryol”un gənc oyunçulara üstünlük verən komanda olduğunu da qeyd etmək lazımdı.

 

- Komandanız yarandığı tarixdən hansısa ciddi uğur qazana bilməyib. Ən yaxşı halda, ölkə çempionatında “Dördlər finalı”nda oynayıb. Bu il konkret hansısa mükafat qazanıla bilərmi?

- Bu il “Azəryol” CEV kubokunda və ölkə çempionatında mübarizə aparacaq. Mükafat qazanmaq hər bir komandanın arzusudu. Amma qalib gəlmək üçün var gücünlə çalışmalı və buna inanmalısan. Mən bir klub rəhbəri olaraq əlimdən gələni edəcəm ki, oyunçularımın heç bir problemi olmasın. İnanıram ki, onlar da qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər.

 

- “Azəryol” həmişə millinin və “Azərreyl”in bazası hesab edilib. Yığmaya daha səviyyəli voleybolçular yetişdirmək üçün hansı addımları atmağı planlaşdırırsız?

- Bu il də “Azəryol” klubunun heyətində milli komandamızın oyunçuları mübarizə aparacaqlar. Yığmamızın inkişaf etməsi üçün klublarımız yerli oyunçularımıza üstünlük verməli və gənc voleybolçuların inkişafı üçün lazımı şəraiti yaratmalıdılar. “Azəryol” da gənc oyunçulara üstünlük verən bir komandadı. Biz hər zaman millimiz üçün çalışmışıq. Bundan sonra da bunu davam etdirəcəyik.

 

- CEV kubokunda komandanızdan nə gözləyirsiz?

- Avropa Voleybol Konfederasiyaları kuboku Çempionlar Liqasında sonra Avropanın ən güclü yarışlarından biridi. Belə yarışlarda da güclü komandalar mübarizə aparır. Bunu nəzərə alaraq, klub var gücü ilə həm fiziki, həm də topla hazırlıqlarını davam etdirir. Ən önəmlisi odu ki, qarşılaşma zamanı komandanın oyunu istənilən kimi alınsın. Komandadan gözəl oyun və qələbə gözləyirəm.

 

- Yeni mövsüm üçün rəqiblərinizi necə dəyərləndirərsiz?

- Rəqiblər haqqında onu deyə bilərəm ki, zəif və güclü rəqib yoxdu. Bütün rəqiblərimizə qarşı məsuliyyətlə yanaşmalıyıq. O zaman qələbə qazanmaq rahat olacaq. Ölkə çempionatında mübarizə aparan komandalar da güclüdü. 3 komandamız Çempionlar Liqasında mübarizə aparacaq. CEV kuboku və ölkə çempionatı gərgin və maraqlı olacaq.

 

- Məşqçilər korpusunuz yeni formalaşıb. Əvvəlki baş məşqçiniz Vüqar Əliyevlə vidalaşıb, komandanı Aleksandr Çervyakova həvalə etməyiniz nədən irəli gəldi?

- Çervyakov Azərbaycan voleybolu üçün yeni məşqçi deyil. Artıq neçə illərdi milli komandanın çalışdırıcısı olub. Bu gün “Azəryol” komandasının heyətində millinin oyunçuları var. Mən düşünürəm ki, artıq onlar neçə illərdir birlikdə çalışıblar və daha yaxşı anlaşırlar. Onu da deyim ki, Aleksandr Çervyakov çox təcrübəli və yaxşı mütəxəssisdi.

 

- Komandada bəzi yeniliklər nəzərə çarpır. Artıq formanızda və loqonuzda bunu hiss etmək mümkündü. Qarşıda azarkeşlərinizi hansı yeniliklər gözləyir?

- Bəli, yeni formamız və yenilənmiş loqomuz var. Bu yeniliklərimiz davam edəcək. Lakin bunun hamısını açıqlaya bilmərik. Mövsümün gedişində bunun şahidi olacaqsınız.

 

- “Azəryol”da gələcək planlarınız nədi? Ola bilərmi ki, növbəti mövsümdə yaxşı çıxış etsəz, Çempionlar Liqasında oynayasız?

- Planlarımız və məqsədlərimiz böyükdü. Biz yalnız bu ili düşünmürük. Məqsədimiz gənc oyunçuları inkişaf etdirmək, 1, 2 və ya 3 ilə yaxşı nəticələr əldə etməkdi. Bir daha qeyd edirəm ki, bizim əsas hədəfimiz milliyə oyunçular hazırlamaqdı. Bir sözlə, gələcəyə baxırıq.

 

- Transferlərinizi tam yekunlaşdırdığınızı demək olarmı? Əgər komanda tam formalaşmayıbsa, kimlə danışıqlar davam edir?

- “Azəryol” klubunun qarşıda böyük planları var. Öncə bu gün qarşımızda duran vəzifələri yerinə yetiririk. Əlbəttə, Çempionlar Liqasında da iştirak etmək istəyərdik. Bunu gələcək göstərər. Oyunçularımız artıq hamısı komandamızın düşərgəsindədi. Belə demək olarsa komandamız 95% tamamlanıb. Amma idmanda heç kim zədələrdən sığortalanmayıb. Bu səbəbdən də bəzi oyunçularla danışıqlar gedir. Sadəcə, hazırda bu barədə konkret nəsə deyə bilmərik. Avropa çempionatı ərəfəsində bəzi oyunçularımız milli komandalarının tərkibində olduğundan yarışdan sonra Azərbaycana gəliblər.

 

- Sonda tərəfdarlarınıza sözünüz nədi?

- Azarkeşlərimizə demək istəyərdim ki, hər bir idmançının qələbə qazanmaq üçün azarkeş dəstəkləri böyük rol oynayır. Buna görə də onları ölkə çempionatı və CEV kubokunun ev oyunlarında “Azəryol”u dəstəkləməyə dəvət edirəm.

 

Xəbər lenti