9 Noyabr 11:29 Növbəti mərhələ arzusunda
TOP OYUNLARI xəbərləri 9 Noyabr 11:29
5573 baxış

Növbəti mərhələ arzusunda

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda Azərbaycanı təmsil edən “Azəryol” ilk oyun günündə meydana çıxacaq.

 

Bakı təmsilçisi Rumıniyada 0:3 hesabı ilə uduzduğu “Tarqovitse”ni qəbul edəcək. Qarşılaşmanın heç də asan keçəcəyi gözlənilmir. Çünki evdə asan qələbə qazanan rumınlar paytaxtımıza yüksək əhval-ruhiyyədə gəliblər və onlara mərhələ adlamaq üçün bu dəfə 2 set də kifayət edəcək.

 

Lakin yeni formalaşan “Azəryol” da 1/8 finala yüksəlməkdə iddialıdı. Çünki mövsümdə ilk rəsmi matçını səfərdə keçirən komandamız Super Liqada “Azərreyl” üzərində qələbə ilə zəif kollektiv olmadığını sübuta yetirib. Onlar hətta “Tarqovitse”nin zəif nöqtələrini analiz edərək, bundan yararlanmağa çalışacaqlarını açıqlayıblar.

 

“Azəryol”un matçı “Qızıl set”ə daşıması üçün isə qələbə vacibdi. Təbii ki, burada yalnız 3:2 hesablı qalibiyyət rumınların işinə yarayacaq. Aleksandr Çervyakovun yetirmələri qonaqları 3:0 və ya 3:1 hesabı ilə məğlub edərlərsə, hər şeyə “Qızıl set”də aydınlıq gələcək.

 

CEV kuboku

1/16 final mərhələsi, cavab oyunu

 

10 noyabr

18:00. “Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya)

Hakimlər: Lyubomir Sirakov (Bolqarıstan), Kirill Nesterenko (Rusiya)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan) - 3:0 (25:19, 25:19, 30:28)

Xəbər lenti